30/06/2012 09:47

Qazaxıstan helikopter zavodunun açılışını etdi

Azərbaycan Qazaxıstanın EC-145 helikopterlərinə maraq göstərir

Qazaxıstan “Eurocopter” şirkətinin lisenziyası ilə istehsal etdiyi EC-145 tipli helikopterlərin ixracına başlamağa hazırlaşır. “AzeriDefence”nin bildirdiyinə görə, bunu Astanada adıçəkilən helikopterləri istehsal edəcək zavodun açılışında jurnalistlərə “Kazakhstan Engineering” şirkətinin prezidenti Bolat Smaqulov bildirib.

B. Smaqulovun sözlərinə görə, Ukraynanın “Ukroboronprom” şirkəti ilə 5 ədəd EC-145 helikopterinin çatdırılmasına dair müqavilənin imzalanması planlaşdırılır. Artıq bununla bağlı tərəflər arasında görüş keçirilib.

Şirkət rəhbəri Azərbaycan və Rusiyadan da helikopterlərin alınmasına maraq ifadə olunduğunu söyləyib.

Zavod EC-145 helikopterləri ilə yanaşı, 2013-cü ildən EC-725 “Super Puma” hərbi-nəqliyyat helikopterlərinin buraxılışına da başlayacaq.

Astanada açılan zavod MDB-də EC-145 helikopterlərinin yeganə istehsalçısıdır. Qazaxıstan bu helikopterlərin yaxın ölkələrdə satış üçün müstəsna hüquqlara malikdir.