30/12/2017 14:45

Qazaxıstan hərbi aviasiya parkını gücləndirir

Qazaxıstan Belarusda təmir və müasirləşdirilən Su-25 döyüş təyyarələrinin ilk partiyasını təhvil alıb.

Bu barədə “AzeriDefence” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Belarusun “558-ci Aviasiya təmir zavodu” Açıq Səhmdar Cəmiyyətində təmir və müasirləşdirilən Su-25 döyüş təyyarələri dekabrın 29-da Qazaxıstan Hərbi Hava Qüvvələrinə təhvil verilib. 2018-ci ilin əvvələrində əsaslı təmirdən sonra, müasirləşdirilən daha 3 ədəd Su-25 döyüş təyyarəsinin Qazaxstan Hərbi Hava Qüvvələrlərinə çatdırılması planlaşdırılıb.

Qeyd edək ki, 2016-cı ildə Qazaxıstanın Astana şəhərində keçirilən KADEX beynəlxalq müdafiə sərgisi çərçivəsində Qazaxıstan HHQ və Belarus “558-ci Aviasiya təmir zavodu” ASC arasında, təxminən 6 ədəd Su-25 döyüş təyyarəsinin müasirləşdirilməsinə dair müqavilə imzalanıb.

Modernizə edilmiş Su-25 hücum təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib. Su-25 döyüş təyyarəsi döyüşdə sağqalma və yüksəkmüdafiəli sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib.

Modernizə edilmiş Su-25 döyüş təyyarəsinin güclü döyüş kompleksinə müxtəlif toplar, aviabombalar, idarəolunan və idarəolunmayan “hava-yer”, idarəolunan “hava-hava” raketlər daxildir. Ümumilikdə təyyarəyə 30 növ silah quraşdırıla bilər.

Məlumatda o da qeyd olunub ki, Qazaxıstan son illər ərzində Su-30SM müasir döyüş təyyarələri alıb. Bundan başqa, hərbi aviasiya parkını Mi-171Ş çoxməqsədli helikopter, C-295 hərbi-nəqliyyat təyyarələri, Mi-35M döyüş helikopteri ilə gücləndirib.