29/10/2019 11:40

Qazaxıstan ilk dəfə Tacikistana helikopter ixrac edib

Qazaxıstanın “Eurocopter Kazakhstan Engineering” (EKE) şirkəti Tacikistana bir ədəd “Airbus” helikopterinin ixracını həyata keçirib.

Bu barədə “AzeriDefence”yə “Kazakhstan Engineering” şirkətindən məlumat verilib.

Bu Tacikistanın ilk “Airbus” helikopteridir. Helikopter 50% “Kazakhstan Engineering” və 50% payı “Airbus Helicopters” şirkətinə məxsus olan EKE birgə müəssisəsində istehsal edilib.

“Bu gün biz istehsal gücünün artırılması, idxalın əvəzlənməsi və şirkətin ixrac potensialının inkişafı istiqamətində fəal işləyirik. Bu müqavilə həm Tacikistanda, həm də bütövlükdə Orta Asiyada yeni bir bazarın açılması baxımından çox vacib bir hadisədir. Bundan əlavə, helikopterlərin təmiri və texniki xidməti və uçuş heyəti təlimlərinin ixracı hər il artır”, – deyə “Kazakhstan Engineering” ASC-nin İdarə Heyətinin sədri Kuanuş Bişimov qeyd edib.

Bişimov 2019-cu ildə “Kazakhstan Engineering”ə daxil olan şirkətlərinn xüsusi və ikili təyinatlı məhsullarının ixracının 2018-ci il ilə müqayisədə 30% artacağının gözləndiyini deyib.

“Eurocopter Kazakhstan Engineering” şirkəti MDB və Orta Asiyada H145, H130, H125 helikopterləri və əlaqədar xidmətləri (uçuş heyətinin təhsili, texniki xidmət) ixrac edən yeganə şirkətdir.