30/09/2018 00:00

Qazaxıstan Milli Qvardiyasının Baş Komandanı Azərbaycana rəsmi səfərə gəlib

Sentyabrın 28-də Qazaxıstan Milli Qvardiyasının Baş Komandanı general-leytenant Ruslan Jaksılıkovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə cənab R.Jaksılıkovun başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Həmin gün daxili işlər naziri general-polkovnik Ramil Usubov general-leytenant Ruslan Jaksılıkovu qəbul edib.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində daxili işlər nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun general-leytenant Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

General-leytenant Ş.Məmmədov Qazaxıstan Milli Qvardiyası Baş Komandanlığı ilə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasındakı əlaqələrdən və hərbi əməkdaşlıq münasibətlərinin inkişafından söz açıb, keçirilən belə görüşlərin əməkdaşlığın daha da genişlənəcəyinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Görüşdə hər iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyi yüksək qiymətləndirilib, belə əməkdaşlığın, təcrübə mübadiləsinin ölkələrimizin ümumi  mənafelərinə xidmət etdiyi vurğulanıb. Qonaqlara qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, döyüş yolu və inkişafı barədə ətraflı məlumat verilib.

General-leytenant R.Jaksılıkov öz növbəsində Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edərək iki ölkənin müvafiq qurumları arasında əlaqələri yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək səfər zamanı nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış şərait, o cümlədən Bakı şəhərində yerləşən hərbi hissə ilə tanış olacaq, sonra Qoşunların Təlim Mərkəzində xüsusi-taktiki təlimi izləyəcək, həmçinin, Heydər Əliyev Mərkəzini və paytaxtdakı digər tarixi, mədəniyyət abidələrini ziyarət edəcəklər.