27/02/2017 15:57

Qazaxıstan Ordusu aviasiya parkına yeni qəbul edilən Mi-35M helikopterinin sınaq uçuşlarını keçirir – FOTOLAR

Qazaxıstan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya parkına yeni qəbul edilmiş Mi-35M döyüş helikopterinin sınaqları keçirilir.

“AzeriDefence”nin “defence-blog” hərbi xəbərlər saytına istinadən verdiyi məlumata görə, ilk uçuşlarını keçirən Mi-35M helikopterlərin döyüş qabliyyəti yoxlanılıb.

Atəş hazırlığı zamanı çəkilən görüntülərdən “Shturm” tank əleyhinə raket sistemindən və 80 mm-lik idarəolunmayan raketlərdən də istifadə olunduğu müşahidə olunur.

Məlumatda o da qeyd olunub ki, Qazaxıstan Müdafiə Nazirliyi 2016-ci ilin sonunda Rusiyadan “Vertalyotı Rosii” şirkətinin istehsalı olan yeni Mi-35M döyüş helikopterlərini təhvil alıb.

Ölkələr arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində imzalanan müqaviləyə əsasən Qazaxıstan Ordusunun silahlanmasına daxil edilən Mi-35M helikopterlərin ehtiyyat hissələri ilə də təmin olunması nəzərdə tutulub.

Bundan başqa Mi-35M helikopterləri ilə mərhələli şəkildə hazırda hərbi aviasiya parkında olan Mi-24 döyüş helikopterlərini əvəzləməsi planlaşdırılır. Analoqlarından təkmilləşdirilmiş dizaynı ilə fərqlənən Mi-35M daha güclü VK-2500 elektronlaşdırılmış mühərriklə təmin olunub. Mi-35M gücləndirilmiş uçuş imkanları ilə yüksək temperaturda və dağlıq ərazidə ximət göstərmək qbliyyətinə sahibdir.