05/02/2018 17:30

Qazaxıstan Özbəkistana gecəgörmə cihazları ixrac edib

KAE istehsalı olan A-230 gecəgörmə cihazı

Qazaxıstanın “Kazakhstan Aselsan Engineering” (KAE) şirkəti  Özbəkistana gecəgörmə cihazlarının ilk sınaq partiyasını verib.

“Kazakhstan Engineering” şirkətlər qrupunun mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, KAE Özbəkistan Silahlı Qüvvələrinin ehtiyacları üçün gecəgörmə qurğusunun eksperimental partiyasını 2017-ci ilin sonunda Özbəkistan Silahlı Qüvvələrinə təhvil verib.

KAE ötən ilin sentyabr ayında Daşkənddə keçirilən “Özbəkistan-Qazaxıstan: əməkdaşlığın yeni mərhələsi” sənaye sərgisində öz elektro-optik məhsullarını nümayiş etdirib. Bundan sonra Özbəkistan tərəfi bu məhsullara maraq göstərib, nəticədə isə ölkələr arasında ikitərəfəli saziş imzalanıb. Qazaxıstanın gecəgörmə cihazları müvafiq testləri uğurla başa çatdırıb. Hazırda Özbəkistan tərəfi ixrac məhsullarının çeşidini genişləndirməyə maraq göstərirlər.

“Kazakhstan Engineering” şirkətlər qrupunun tərkibinə daxil olan KAE termal nişangahlar, elektron lövhələr, optik linzalar və gecəgörmə cihazlarının istehsalı üzrə ixtisaslaşıb.

Məlumatda o da qeyd olunub ki, KAE şirkətinin məhsulu bu gün Qazaxıstan ordusunda geniş istifadə olunmaqla yanaşı xaricə də ixrac edilir.