28/12/2017 17:01

Qazaxıstan Rusiyadan Su-30SM döyüş təyyarəsinin növbəti partiyasını alıb

Qazaxıstan Rusiyadan yüksək manevr qabiliyyətli Su-30SM çoxməqsədli yeni təyyarələrin növbəti partiyasını alıb.

Bu barədə “AzeriDefence” Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Dekabrın 27-də 2 ədəd Su-30SM döyüş təyyarələri Qazaxıstan Hərbi Hava Qüvvələrinin Taldı-Kurqan vilayətindəki 604-cü aviasiya bazasına dislokasiya edilib. Bununla, Qazaxıstan Hərbi Hava Qüvvələrinin avasiya parkında yer alan Su-30SM qırıcılarının ümumi sayı 8 ədəd təşkil edib.

Su-30SM çoxməqsədli döyüş təyyarələri “Bars” çoxfunksiyalı atəş idarəetmə radarı, “hava-hava” və “hava-yer” tipli idarəolunan raketlərlə komplektləşdirilib.

Qeyd edək ki, Qazaxıstan və Rusiya arasında “İrkut” korporasiyasının istehsalı olan Su-30SM çoxməqsədli döyüş təyyarələrinin alğı-satqısına dair ilk müqavilə 2014-cü ildə imzalanıb. Sifariş üzrə ilk 4 təyyarənin Qazaxıstana çatdırılması 2015-ci il aprelin 17-də həyata keçirilib. 2015-ci ilin dekabrında əlavə 7 ədəd Su-30SM qırıcının satınalınmasına dair iki ölkə arasında növbəti müqavilə imzalanıb. Sazişə əsasən 2016-cı ilin dekabrında 2 ədəd təyyarə Qazaxıstana təhvil verilib. Qalan 3 təyyarənin isə 2018-ci ildə sifarişçiyə çatdırılması planlaşdırılır.

2017-ci ilin avqustunda Rusiya və Qazaxıstan daha 12 ədəd Su-30SM təyyarəsinin alğı-satqısına dair müqavilə imzalayıb. Bu razılaşma çərçivəsində hər il 4 təyyarənin Qazaxıstan Silahlı Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulub. Daha əvvəl Qazaxıstan Müdafiə Nazirliyinin 2020-ci ilə qədər 36 ədəd Su-30SM çoxməqsədli döyüş təyyarəsi alacağı bildirilirdi.