24/02/2016 11:15

Qazaxıstan Sərhəd Xidmətinin rəisi Azərbaycana gəlib – FOTOLAR

Azərbaycan DSX-nin təlim mərkəzlərində Qazaxıstan Sahil Mühafizəsi üçün kadrların hazırlanması məsələsi müzakirə olunub

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini – Sərhəd Xidmətinin direktoru polkovnik Darxan Dilmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Nümayəndə heyəti protokola uyğun olaraq əvvəlcə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Səfər çərçivəsində qonaqlar DSX- nin Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən qəbul ediliblər.

Görüş zamanı Azərbaycan DSX və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidməti arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, birgə əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin, o cümlədən qeyri-leqal miqrasiyanın, narkotiklərin qanunsuz daşınmasının, qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınmasının vacibliyi vurğulanıb. Qeyd olunan sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.

Bununla yanaşı sahil mühafizəsində xidmətin təşkili, DSX Akademiyası və təlim mərkəzlərində Qazaxıstan MTK Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün mütəxəssislərin hazırlanması, dənizdə neft-qaz infrastrukturlarının mühafizəsi sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi və bu sahədə birgə təlimlərin keçirilməsi üzrə ikitərəfli əməkdaşlığın perspektivləri və digər maraq doğuran məsələlər müzakirə olunub.

Görüşdə həmçinin Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu qeyd edilib. Sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barəsində Qazaxıstan nümayəndələrinə ətraflı məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə tanış ediliblər.