26/12/2018 16:44

Qazaxıstan Su-30SM döyüş təyyarəsinin yeni partiyasını alıb

Qazaxıstan Rusiyadan yüksək manevr qabiliyyətli Su-30SM çoxməqsədli yeni təyyarələrin növbəti partiyasını alıb.

Bu barədə “AzeriDefence” Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Qazaxıstan və Rusiya arasında “İrkut” korporasiyasının istehsalı olan Su-30SM çoxməqsədli döyüş təyyarələrinin alğı-satqısına dair ilk müqavilə 2014-cü ildə imzalanıb. Sifariş üzrə ilk 4 təyyarənin Qazaxıstana çatdırılması 2015-ci il aprelin 17-də həyata keçirilib. 2015-ci ilin dekabrında əlavə 7 ədəd Su-30SM qırıcının satınalınmasına dair iki ölkə arasında növbəti müqavilə imzalanıb. Sazişə əsasən 2016-cı ilin dekabrında 2 ədəd təyyarə Qazaxıstana təhvil verilib.

Müqavilə çərçivəsində 2017-ci il dekabrın 27-də 2 ədəd Su-30SM döyüş təyyarəsi Qazaxıstan Hərbi Hava Qüvvələrinin Taldı-Kurqan vilayətindəki 604-cü aviasiya bazasına dislokasiya edilib. Bununla, Qazaxıstan Hərbi Hava Qüvvələrinin avasiya parkında yer alan Su-30SM qırıcılarının ümumi sayı 8 ədəd təşkil edib. Müqavilə üzrə 3 ədəd Su-30SM döyüş təyyarəsinin 2018-ci ildə sifarişçiyə çatdırılması planlaşdırılırdı.

2017-ci ilin avqustunda Rusiya və Qazaxıstan daha 12 ədəd Su-30SM təyyarəsinin alğı-satqısına dair müqavilə imzalayıb. Bu razılaşma çərçivəsində hər il 4 təyyarənin Qazaxıstan Silahlı Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulub. Daha əvvəl Qazaxıstan Müdafiə Nazirliyinin 2020-ci ilə qədər 36 ədəd Su-30SM çoxməqsədli döyüş təyyarəsi alacağı bildirilirdi.

Qeyd edək ki, 2018-ci il mayın 24-də Astanada keçirilən KADEX-2018 beynəlxalq müdafiə sərgisinin ikinci günü Qazaxıstan və Rusiya arasında Su-30SM döyüş təyyarəsinin alğı-satqısına dair növbəti müqavilə imzalanıb. Müqaviləyə əsasən Rusiya Qazaxıstan Hərbi Hava Qüvvələrini daha 8 ədəd Su-30SM döyüş təyyarəsi ilə təmin edəcək.