19/02/2014 05:30

Qazaxıstan Ukraynadan gəmi silahları alıb – FOTO

“Ukroboronprom” Dövlət Konserninə (DK) daxil olan “Luç” Konstruktor Bürosu Qazaxıstan Hərbi-Dəniz Qüvvələri üçün “Arbalet-K” kiçik uzaqlığa malik gəmi zenit-raket sisteminin və “Baryer-VK” idarə olunan dəniz raketlərinin növbəti partiyasını çatdırıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Ukroboronprom” DK-nin mətbuat xidməti konsernin baş direktoru Serqey Qromova istinadən məlumat yayıb.

S. Qromovun sözlərinə görə, birinci partiya sifarişçiyə daha əvvəl göndərilib və artıq Qazaxıstan Hərbi-Dəniz Qüvvələrinin silahlanmasına qəbul edilib.

“Arbalet-K” sistemi reaktiv, turbovintli və propellerli təyyarələrin, həmçinin vizual görünüş şəraitində helikopterlərin məhv edilməsi üçün nəzərdə tutulur. Sistemdə “İqla” tipli idarə olunan zenit raketləri istifadə olunur. Hədəfi məhvetmə uzaqlığı 5000 m-ə qədər, məhvetmənin minimal hündürlüyü 10 m, hədəfi aşkar etmə uzaqlığı gündüz 12, gecə vaxtı 7 kilometrdir.

“Baryer-VK” kompleksi isə sahildəki hərəkətli və hərəkətsiz zirehli hədəfləri, həmçinin RK-2V raketlərindən istifadə etməklə helikopterlər və möhkəmləndirilmiş atəş nöqtələrini məhv etmək üçündür. Maksimal atış uzaqlığı 7500 metr, maksimal uzaqlığa uçuş vaxtı 30 saniyədir.