03/08/2019 22:18

Qazaxıstan və İsrail birgə PUA istehsalına dair müqavilə imzalayıb

Qazaxıstanın “Kazakhstan  Aviation İndustry” (KAİ) şirkəti ilə İsrailin “Elbit Systems” şirkəti arasında pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair uzunmüddətli müqavilə və xüsusi istifadə hüquqlarının ötürülməsinə dair lisenziya müqaviləsi imzalanıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Kazakhstan Engineering” Milli Şirkəti məlumat yayıb.

Müqaviləyə uyğun olaraq tərəflər PUA-ların birgə istehsalını, həmçinin texniki xidmətini həyata keçirəcəklər.

“Bu layihə yalnız bizə PUA istehsalını reallaşdırmağa, həmçinin PUA-ların təmiri və texniki xidmət məsələləri üzrə başqa ölkələrdən asılılığı azaltmağa icazə verəcək”, – deyə “Kazakhstan Engineering” Milli Şirkətinin İdarə Heyətinin sədri Kuanış Bişimov bildirib.

“AzeriDefence”nin 2018-ci ilin may ayında Astanada (Nursultan) keçirilmiş KADEX-2018 sərgisində Qazaxıstan hərbi sənaye kompleksindən əldə etdiyi məlumata görə, birgə PUA istehsalına dair Türkiyənin TUSAŞ, Çinin AVIC və İsrailin “Elbit Systems” şirkətləri ilə danışıqlar aparılıb. Son mərhələdə “Elbit Systems” və TUSAŞ şirkətləri üzərində dayanılıb. İyun ayında Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş “Army-2019” forumunda “AzeriDefence”nin əməkdaşı ilə söhbətində “Kazakhstan Engineering” şirkətinin nümayəndəsi TUSAŞ-la görüşmələrdə bəzi fikir ayrılıqlarının yaşandığını bildirib.

Ehtimalla yeni müqaviləyə əsasən Qazaxıstan “Elbit Systems” şirkəti ilə MALE sinif PUA-ların istehsalını həyata keçirəcək.

Qeyd edək ki, hazırda Qazaxıstan Silahlı Qüvvələrində “Elbit Systems” şirkətinin istehsalı olan “Skylark” mini PUA-larından istifadə edilir.