02/02/2018 15:46

Qazaxıstanda müdafiə-sənaye kompleksinin inkişaf fondu yaradılır

Qazaxıstanda müdafiə-sənaye kompleksinin inkişafı üçün fond yaradılacaq.

“AzeriDefence”nin Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov deyib.

“Qanun layihəsində elmi-texniki araşdırmalar və müdafiə-sənaye kompleksinin müasirləşdirməsinin maliyyə dəstəyi üçün müdafiə-sənaye kompleksinin inkişaf fondunun yaradılmasının imkanı nəzərdə tutulur”, – deyə Beybut Atamkulov Milli Məclisdə “Müdafiə sənayesi və dövlət müdafiə sifarişləri haqqında” və “Müdafiə və aerokosmik fəaliyyət məsələləri üzrə bəzi qanunverici aktlara dəyişiklik və əlavələrin daxil etməsi haqında” qanun layihələrinin təqdimatı zamanı bildirib.

Nazirin sözlərinə görə, fondun yaradılması barədə qanun layihəsi artıq hazırlanıb. Elm və Təhsil Komitəsi, Milli Təhlükəsizlik Komitəsi və Dövlət Mühafizə Xidməti tərəfindən verilən təkliflər Müdafiə Nazirliyi ilə razılaşdırılıb.

“Hazırda qanun layihəsi Milli İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə birgə tamamlanmaq üzrədir. İnvestisiya və eləcə də digər təkliflər üzərində tamamlanma işləri aparılır”, – deyə B. Atamkulov əlavə edib.