16/05/2019 13:11

Qazaxıstanın Livandakı sülhyaratma qüvvələrinin fəaliyyəti qiymətləndirilib

Livana işgüzar səfəri çərçivəsində Qazaxıstan müdafiə nazirliyinin rəhbəri general-mayor N. Yermekbayev Qazaxıstanın sülhməramlı qoşunlarının hərbi personalının gündəlik fəaliyyəti və onun rotasiya prosesi ilə tanış olub, həmçinin Livanın Milli Müdafiə naziri Elias Bu Saab ilə danışıqlar aparıb.

Bu barədə “AzeriDefence”yə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Qazaxıstanın sülhməramlı rotasının da daxil olduğu “IndKazbat” sülhməramlı batalyonun məsuliyyət zonasına səfəri zamanı general-mayor N. Yermekbayev Qazaxıstanın sülhməramlı kontingentinin hərbi qulluqçularının gündəlik fəaliyyəti və rotasiya prosesi ilə tanış olub.

Qazaxıstan sülhməramlı kontingentinin məsuliyyət zonası birbaşa Livanın beynəlxalq səviyyədə tanınmış sərhədinə uyğun olan və münaqişə tərəflərin ən mübahisəli xətti hesab olunan “Blue Line” adlanan şərq hissəsinin ərazilərini birbaşa daxil edir. Qazaxıstan hərbi personalı altı ay ərzində regionda sülhün və təhlükəsizliyin qorunması üzrə tapşırıqlar yerinə yetirib, ərazidə patrul vəzifələri, müşahidə postlarının təşkili, atəşkəsə riayət etmənin monitorinqi, mülki əhaliyə yardım göstərilməsi kimi missiyanın qərargahı tərəfindən həyata keçirilən bütün tədbirlərdə iştirak edib.

“Sülhməramlı missiyanın yerinə yetirilməsi milli əhəmiyyət kəsb edən məsələdir. Bu, Qazaxıstanın dünya ictimaiyyəti və Birləşmiş Millətlər Təşkilatının beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini bildirir. BMT-nin rəhbərliyi ölkəmizin beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində düzgün yanaşmasını daim qeyd edir “, deyə Qazaxıstan sülhməramlıları qarşısında çıxış edən müdafiə nazirliyinin rəhbəri qeyd edib.

Məlumatda o da qeyd olunub ki, Qazaxıstan tarixində ilk dəfə olaraq sülhün və təhlükəsizliyin qorunması üzrə missiyanı yerinə yetirmək üçün 120 hərbi qulluqçu və 3 personalın milli sülhməramlı rotası Livana göndərib. Livanda BMT missiyasının komandanlığı, həmçinin “IndKazBat” batalyonu, Qazaxıstan sülhməramlılarının hazırlığını yüksək qiymətləndirir.

Bundan başqa, səfər zamanı N. Yermekbayev və Livanın Milli müdafiə naziri Elias Bu Saab arasında danışıqlar keçirilib. Görüşün nəticələrinə görə, tərəflər Qazaxıstan və Livanın müdafiə qurumları arasında qarşılıqlı fəaliyyətin inkişafına hazır olduqlarını təsdiqləyiblər, əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər, beynəlxalq və regional gündəliyin aktual məsələləri ilə bağlı fikirlərini bölüşüblər.

General-mayor N. Yerməkbayev Livan tərəfinə “Livanda BMT-nin Müvəqqəti Qüvvələri” missiyasında iştirakı çərçivəsində Qazaxıstan sülhməramlı rotasının yerləşdirilməsində yardım göstərdiklərinə görə minnətdarlığını bildirib.

Öz növbəsində, Elias Bu Saab Birləşmiş Millətlər Təşkilatı çərçivəsində sülhün və təhlükəsizliyin qorunması istiqamətində səylərinə yardım etmək qərarı üçün Qazaxıstana təşəkkür edib.