02/04/2019 19:11

Qazaxıstanın müdafiə sənayesi naziri Azərbaycana gəlib

Aprelin 2-də Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yəhya Musayev Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb və nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə Qazaxıstanın Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlara və xidmətlərə maraq göstərdiyi qeyd olunub.

Tərəflər iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın vacibliyini vurğulayıblar, sahə üzrə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi və perspektivlərinə dair geniş fikir mübadiləsi aparıblar. Sonda müzakirə olunan məsələlərlə bağlı işçi qrupunun yaradılmasına dair razılığa gəliblər.

Görüşdə Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Kahir Tezekbayev iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınlar zavodunda təşkil olunmuş hərbi təyinatlı məmulatların sərgisinə də baxıb.