12/06/2019 10:30

Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib – FOTOLAR

Bu gün Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar və Gürcüstanın Müdafiə naziri Levan Izoria arasında görüş keçirilib.

“AzeriDefence”nin məlumata görə, Müdafiə nazirləri əvvəlcə Qəbələdə Şəhidlər Xiyabanını, sonra ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra Qəbələ Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Türkiyə-Gürcüstan Müdafiə nazirlərinin ikitərəfli görüşləri olub.

Daha sonra Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Üçtərəfli görüşdə hərbi qurumların rəhbərləri regional təhlükəsizlik məsələlərini, ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Görüş çərçivəsində, Azərbaycan və Gürcüstanın Müdafiə Nazirlikləri arasında 2019-cu il üçün hərbi əməkdaşlıq planı imzalanıb. Əməkdaşlıq planında Müdafiə Nazirlikləri arasında müxtəlif mövzularda məsləhətləşmələrin təşkili, birgə təlimlərin keçirilməsi və s. əksini tapır.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstanın Müdafiə nazirlərinin hər il bir ölkədə görüşü keçirilir. Qəbələ görüşü Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin sayca 7-ci görüşüdür.