08/12/2017 15:29

Qətər Fransadan 12 döyüş təyyarəsi və 490 PDM alacaq

Qətər və Fransa arasında “Rafale” döyüş təyyarələrinin satınalınmasına dair memorandum imzalanıb.

Bu barədə “AzeriDefence” “Dassault Aviation” şirkətinə istinadən məlumat verib.

Saziş dekabrın 7-də Qətər əmiri Təmim bin Həməd Al Saninin Fransaya səfəri çərçivəsində prezident Emmanuel Makronla görüşü zamanı imzalanıb. Tərəflər hərbi-texniki əməkdaşlıq çərçivəsində 12 ədəd “Rafale” döyüş təyyarələrinin Qətər Hərbi Hava Qüvvələrinə tədarükünə dair razılığa gəliblər.

Yeni saziş 2015-ci il mayın 4-də Qətər ilə “Dassault Aviation” şirkəti arasında imzalanan 24 ədəd “Rafale”in satın alınması müqaviləsinin davamıdır. Bununla Qətər əmirliyi Hərbi Hava Qüvvələrin avisiya parkında yer alan “Rafale” döyüş təyyarələrinin sayını 36-ya çatdırır.

Bunda başqa, görüşdə Qətər və Fransa arasında zirehli VBCİ (Véhicule Blindé de Combat d’Infanterie) piyadaların döyüş maşınlarının (PDM) satın alınmasına dair memorandum imzalanıb. Sazişə əsasən baş podratçı “Nexter Systems” şirkətinin Qətər Silahlı Qüvvələrini 490 ədəd VBCI zirehli maşınları ilə təmin etməsi nəzərdə tutulub.

2018-ci ilin ortalarına qədər Qətərin “ Nexter Systems” şirkəti ilə VBCI-nin alğı- satqısına dair müqavilə bağlaması planlaşdırılır. Bildirilib ki, müqavilənin dəyəri 3,2 milyard avro təşkil edə bilər. Bunun 1,5 milyard avrosu şassi, yerdə qalan hissəsi silah-sursatların və avadanlıqların dəyəridir.

Qeyd edək ki, 8×8 təkər formuluna malik VBCI zirehli döyüş maşını “Nexter Systems” və “Renault Trucks Defense” şirkətinlərinin birgə istehsalıdır. Zirehli maşın 2016-cı ildə Qətərdə sınaqdan keçirilib.