14/03/2018 13:39

Qətər Türkiyədən hərbi gəmi və zirehli maşınlar alacaq

Dohada keçirilən DIMDEX-2018 Beynəlxalq Dəniz Müdafiə Sərgisində Türkiyə şirkətləri ilə Qətər arasında əhəmiyyətli müqavilələr imzalanıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) açıqladığı məlumatda bildirilir.

Sərgi çərçivəsində imzalanan müqaviləyə əsasən, Türkiyənin BMC şirkəti Qətər Ordusunun ehtiyaclarını qarşılamaq üçün 50 ədəd “Kirpi” MRAP və 35 ədəd “Amazon” zirehli avtomobili istehsal edəcək.

Bundan başqa iki il davam edən danışıqlardan sonra, Türkiyənin Anadolu Tərsanəsi (ADİK) Qətər Dəniz Qüvvələri ilə 2 ədəd hərbi təlim gəmisinin inşası üçün müqavilə imzalayıb. Digər tərəfdən, “Yonca-Onuk” tərsanəsi Qətər Xüsusi Qüvvələr Komandanlığının ehtiyacları üçün 4 ədəd MRTP 24 tipli katerin tədarükünə dair müqavilə imzalayıb.

Türkiyənin “Baykar Makina” şirkəti və Qətər Silahlı Qüvvələri arasında imzalanan müqavilə çərçivəsində bir il ərzində 6 ədəd “Bayraktar TB2” taktik pilotsuz uçuş aparatı, 3 yer nəzarət stansiyası sistemi və avadanlığı, PUA təlim simulatoru sifarişçiyə çatdırılacaq. Həmçinin Qətər Silahlı Qüvvələri üçün PUA hərəkət mərkəzi və məlumatların monitorinqi və arxivləşdirilməsi proqram təminatı sistemi quraşdırılacaq. Qatar Silahlı Qüvvələrinə çatdırılan sistemlər üçün 2 illik logistik və texniki dəstək təmin ediləcək.

DIMDEX-2018 sərgisində “Barzan”, ASELSAN ve SSTEK ortaqlığı ilə BARQ şirkəti qurulub. Sərgidə “Baykar Makina”, BMC, “Nurol Makina” çirkətləri, ADIK, “ARES”, “Yonca Onuk” tərsanələri və Pirireis Universiteti 700 milyon ABŞ dollarından artıq ixrac müqaviləsi imzalayıb.

Qeyd edək ki, Qətər Silahlı Qüvvələrinin təşkilatçılığı ilə 12-14 mart tarixlərində həyata keçirilən DİMDEX-2018 sərgisində 60-dan çox ölkə iştirak edir.