05/12/2018 15:25

“Qorqud” hədəfləri ATOM ilə vurdu

Türkiyənin ASELSAN şirkəti tərəfindən milli imkanlar hesabına hazırlanan hava hücumundan müdafiə sistemlərin, 35 mm-lik ATOM qəlpəli sursatın Ordu sınaqları keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ASELSAN-ın rəsmi informasiya bülletenində bildirilib.

Qeyd olunub ki, Türkiyənin Polatlı bölgəsində həyata keçirilən “Atəş Sərbəst-2018” təlimlərində ASELSAN tərəfindən hazırlanan “Qorqud” zenit-top kompleksi və Atəş İdarəetmə Cihazı (AIC) ilə modernləşdirilmiş yedəkdə daşınan zenit topları uğurlu atışlar həyata keçirib. Yer hədəfləri və “Cəngavər” hədəf təyyarəsi ATOM sursatları ilə tam dəqiqliklə vurulub.

Təlimlər milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Silahlı Qüvvələrin digər rəhbər heyətinin iştirakı ilə keçirilib.

Qeyd edək ki, Atəş İdarəetmə Cihazı mühüm obyektlərin, həmçinin hərbi bazaların havadan müdafiəsinin davamlı təmin olunması məqsədi ilə yaradılıb. AIC sistemi ASELSAN tərəfindən modernləşdirilmiş 35 mm-lik yedəkdə daşınan zenit topları və HİSAR layihəsi çərçivəsində ASELSAN tərəfindən hazırlanan aşağı hündürlükdə hava hücumundan müdafiə sisteminin raket buraxıcı kompleksinin atış və komanda idarəetməsini həyata keçirir.

AIC idarəsi altında çalışan 35 mm-lik yedəkdə daşınan zenit topları planlı şəkildə partladılan 35 mm çaplı qəlpələnən sursatlardan atəş açır. Qəlpəli sursat 35 mm-lik zenit toplarından “hava-yer” mərmilərinə, pilotsuz uçuş aparatlarına və digər hava hədəflərinə qarşı aktiv və effekktiv tətbiq oluna bilir. Qəlpələnən sursat “Qorqud” zenit top sistemində də istifadə edilir. “Qorqud” hərəkət halında olan birliklərin hava hücumundan müdafiəsini təmin edir.