06/02/2018 20:31

“Radiozavod”da partlayış baş verib

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Radioquraşdırma” zavodunda partlayış baş verib.

“AzeriDefence”nin APA-ya istinadən verdiyi məlumata görə, partlayış yanğınla müşahidə olunub.

Hadisə zavodun ərazisindəki istehsalat sahələrindən birində baş verib və o qədər də böyük olmayan ərazini əhatə edib.

Partlayış səsi ətraf ərazilərdən eşidilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. “AzeriDefence”nin Nazirliyin saytına istinadən verdiyi məlumata görə,  saat 19:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəssisələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur.