31/08/2018 17:02

“Rafael” şirkəti “Spike” raketinin yeni versiyasının hazırlayır

İsrailin “Rafael Advanced Defense Systems” şirkəti “Spike” ailəsinin yeni, 5-ci nəsil “Spike ER2” idarə olunan raket versiyasının hazırlayır.

Bu barədə “AzeriDefence” “Janes” nəşrinə istinadən məlumat verib. 170 mm-lik çox yönlü “Spike ER” həssas idarəedici raket sisteminin yeni versiyasında “at-unut”, atış və atışa nəzarət rejimləri yenilənir.

Yeni “Spike ER2” idarə olunan raket yerüstü, nəqliyyat vasitələri, hərbi gəmilərdən atılmaq üçün nəzərdə tutulub. Raketdə tətbiq edilən yeni yüksək partlayıcı tandem döyüş başlığı və çoxməqsədli döyüş başlığı təsir effekktini yüksəldib, zirehdəlmə qabiliyyəti artırılıb. Daha böyük mühərriklə təchiz olunan raketin atış mənzili və digər qabiliyyətləri də artırılıb.

Yeni “Spike”də müasir İR arayıcı sensor, rəngli gündüz kamerası tətbiq olunub. Sələfi ilə eyni çəkiyə malik olan “Spike ER2” raketi mövcud “Spike” buraxıcı qurğularından atıla bilər. “Spike-ER” raketinin atış uzaqlığı 8 km, yeni modifikasiyada isə 10 kilometr təşkil edir. Raket 1000 mm qalınlığında zirehi dəlməyi bacarır.

Məlumatda o da qeyd olunub ki, “Spike ER2” raket sisteminin yaradılma işləri 2018-ci ilin sonuna qədər yekunlaşacaq.