26/09/2016 23:18

Raket və artilleriya birləşmələrində döyüş atışlı təlimlər keçirilib

Şərti düşmənin döyüş düzülüşünün bütün dərinliyindəki hədəflər məhv edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri döyüş atışlı təlimlər keçirib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aprel ayında əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla səhra şəraitində keçirilən artilleriya təlimlərində bölmələrin qarşılıqlı əlaqədə fəaliyyəti, atəşin idarə olunması və müxtəlif şəraitli atəş mövqelərindən tapşırıqlar yerinə yetirilib.

Optik və radiotexniki kəşfiyyat vasitələri, pilotsuz uçan aparatlar, eləcə də xüsusi təyinatlıların artilleriya kəşfiyyatı icra edilməklə şərti düşmənin döyüş düzülüşünün bütün dərinliyində örtülü və açıq mövqelərdəki tək və qrup halında, o cümlədən hərəkətdə olan hədəflər məhv edilib.

Təlimə cəlb olunan müxtəlif raket sistemləri və artilleriya qurğuları heyətlərinin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı fotolardan təlimdə İsrail istehsalı olan uzun mənzilli EXTRA (150 km artıq mənzilə sahib) raketlərindən və Rusiya istehsalı olan, Azərbaycan Ordusunun silahlanmasına yeni daxil edilmiş “Msta-S” (30 km mənzilli) özüyeriyən haubitsalardan atışlar həyata keçirildiyi məlum olur.