14/03/2018 19:27

Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikasına baxış keçirilib – FOTO – VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına baxış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, genişmiqyaslı təlimlərə ümumi rəhbərliyi həyata keçirən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına yerləşdikləri ərazidə baxış keçirib və şəxsi heyətlə görüşüb.

Müdafiə naziri döyüş heyətlərinin hazırlığını yoxlayıb və təlimlərdə döyüş tapşırıqları yerinə yetirəcək müxtəlif çaplı raket və artilleriya qurğuları, reaktiv yaylım atəş sistemi və minaatanların daha effektiv tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, təlimlərə 25 000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Təlimlər martın 17-dək davam edəcək.