03/02/2018 13:04

“Raytheon” “Patriot”ları müasirləşdirir

ABŞ-ın “Raytheon” şirkəti “Patriot” zenit-raket komplekslərini müasirləşdirir.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, “Raytheon” şirkəti “Patriot” sisteminin modernizə edilməsi üçün dəyəri 235 milyon dollar olan müqavilə imzalayıb. Modernləşdirmə layihəsi beş il müddətində davam edəcək. Modernləşdirmə proqramını bu sistemə malik olan 14 ölkə maliyyələşdirəcəkdir. Layihə boyu imzalanacaq müqavilələrin ümumi məbləği isə 2.3 milyard dollar təşkil edir.

“Raytheon” taktik ballistik raketlər və döyüş təyyarələri də daxil olmaqla hücumların müəyyən edilməsi, təqibi və tanınması məsələsində yeni üsullar tətbiq etməyi planlaşdırır. Bununla yanaşı, şirkət “Patriot” kompleksinin digər sistemlərlə birgə işləmə funksiyasının artırılması, müasir simulyatorlar hazırlamaq, sistemin əməliyyat xərclərini azaltmaq və elektron qabiliyyətlərini artırmaq üçün işlər aparacaq.

Qeyd edək ki, 1984-cü ildə ABŞ Ordusunun silahlandırılmasına daxil olan “Patriot” kompleksləri bir neçə dəfə təkmilləşdirilib. “Patriot”un son təkmilləşdirilən variantı PAC raketləri ilə təchiz edilib. “Patriot PAC-3” zenit-raket kompleksləri təyyarələr, uzaqmənzilli və qanadlı raketlər, pilotsuz uçuş aparatları və hava hücumuna daxil olan digər silahlardan qorunmaq üçün mükəmməl döyüş qurğusu hesab olunur.