27/02/2013 07:28

Ərəblər ROKETSAN-ın “Cirit”ini seçdilər

Birləşmiş Ərəb Əmirlikləri Türkiyədən “Cirit” tank əleyhinə idarə olunan raketləri alır.Ötən həftə BƏƏ-nin Abu Dabi şəhərində keçirilmiş İDEX-2013 sərgisində iştirak edən AzeriDefencenin əməkdaşlarının məlumatına görə, raketlərin çatdırılmasına dair BƏƏ-nin Tawazun Holding şirkəti ilə ROKETSAN arasında 195,92 mln. dollar dəyərində müqavilə imzalanıb

Ötən ilin may ayında Türk Ordusunda silahlanmaya daxil edilmiş 2.75 inç “Cirit” ROKETSAN tərəfindən son texnologiyalar və müasir tələblər nəzərə alınmaqla yaradılmış, yüngül zirehli, zirehsiz sabit və hərəkətli hədəfləri yüksək dəqiqliklə məhv etmə qabiliyyətinə malik uzun mənzilli raketdir. Bu raket çox məqsədli (zireh dəlici, anti-personal və yanğın törədici) döyüş başlığı ilə təchiz oluna bilir. Raketin helikopter, PUA, quru nəqliyyat vasitələrinə, yüngül hücum təyyarələrinə inteqrasiyası mümkündür. “Cirit” ROKETSAN tərəfindən xüsusi olaraq hazırlanmış olan standart “Cirit” podundan və ya ağıllı poddan atılır. Raket aerodinamik quruluşu və kompozit qatı yanacaqlı mühərriki sayəsində 8 km məsafədəki hədəfləri məhv etmə qabiliyyətinə malikdir.

Sərgidə ROKETSAN-ın iştirakı ilə BƏƏ-nin Jobaria Defence Systems (JDS) şirkəti tərəfindən hazırlanmışı çox buraxılış qurğulu reaktiv atəş kompleksi (MCL – Multiple Cradle Launchers) də nümayiş etdirilib. Sistem TRB-122 raketləri və TR-122 raketlərindən atəş açmaq üçün işlənib hazırlanıb. Oshkosh HET 6×6 nəqliyyat vasitəsinin üzərinə qurulmuş kompleks 4 ədəd 122 mm-lik raket buraxılış qurğusu, qorunan kabinə, habelə kondisioner sistemi və mərkəzi şin təzyiq sisteminə malikdir. Hər buraxılış qurğusu 20 lüləli 3 bölmədən ibarətdir və kompleks eyni anda 240 raketlə yüklənə bilir. Raketlərin maksimal atış məsafəsi 40 km təşkil edir. Kompleksin yarımqoşqusu distans idarə sistemi, habelə 10 stabilizator ilə təchiz olunub. Ayrıca güc sistemi nəqliyyat vasitəsinin mühərriki söndürüldükdə belə raketləri buraxmağa imkan verir. Komandir, naviqator və sürücü olmaqla üç ekipaj tərəfindən idarə edilən sistem BƏƏ Silahlı Qüvvələrinin silahlanmasında yer alır.