05/09/2019 23:47

Region ordularının yaxın illərdə sahib olacağı kamikadze PUA-lar – FOTO / VIDEO

“Gəzən sursat”ların hərbi əməliyyatlarda yer alması 2010-cu ildən başlayır. “Aero “AeroVironment” şirkətinin istehsal etdiyi “Switchblade” “gəzən sursat”ın ilk nümunələri ABŞ Ordusu tərəfindən 2011-ci ilin avqust ayından Əfqanıstanda tətbiq edilməyə başlanıb. 2015-ci ildə Suriyadakı hərbi əməliyyatllarda “Switchblade”nin tətbiqinə dair informasiyalar və görüntülər mediada yer alıb. Əfqanıstan əməliyyatlarında ABŞ Ordusu tərəfindən 4000-dən çox, İŞİD-ə qarşı isə 2017-ci ilin ortalarınadək 350-dək “Switchblade” istifadə olunub. 2014-2015-ci illərdə “Textron Systems” şirkətinin “BattleHawk” döyüş sursatı da Əfqanıstanda sınaqlardan keçirilib.

2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan arasında baş verən 5 günlük müharibədə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən “Harop” kamikadze pilotsuz uçuş aparatlarının (PUA) uğurlu tətbiqi regionda və dünyada “gəzən sursatlar”a marağı artırdı.

Lakin “Harop” kimi uzun mənzilə, böyük dağıdıcı gücə malik bahalı döyüş vasitələrindən fərqli olaraq ucuz, daha kiçik və yaxın döyüş radiusuna malik “gəzən sursatlar”a son illər regionun hərbi qurumları tərəfindən daha çox maraq ifadə olunur. Bu kontekstdə həm Azərbaycan, həm də Ermənistanda müdafiə şirkətləri tərəfindən müxtəlif layihələrin işlənilməsinə dair məlumatlar mövcuddur.

“Azeri Defence” region dövlətləri üçün potensial seçim ola biləcək mini ölçülü “gəzən sursatlar”ı sistemləşdirərək təqdim edir. Artıq bir sıra ölkələrin ordularının silahlanmasında özünü təsdiqləmiş bu “gəzən sursatlar”ın qiymətinin uyğunluğu da öz sözünü deyir.

Karqu

Türkiyənin STM şirkəti tərəfindən yaradılmış “Karqu” adlı multikopter dizaynına malik “gəzən sursat”ın 2017-2018-ci illərdə Türkiyə Xüsusi Təyinatlı Qüvvələri tərəfindən şərq rayonlarında və Afrində hərbi əməliyyatlarda praktik istifadə edildiyi bildrilir. Bəzi məlumatlara görə, bu günədək sifariş üzrə 200-ə yaxın “Karqu” istehsal edilib.

STM şirkəti tərəfindən adıçəkilən kamikadze Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər region dövlətlərində hərbi sərgilərdə, yaxud görüşmələrdə təqdim edilib.

ADEX-2019 sərgisində Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də “Karqu”ya marağı ifadə ediblər.

Multikopter dizaynına sahib olması, eləcə də 400 qramdan 1.5 kiloqramadək partlayıcı başlıq daşıya bilən “Karqu” bir əsgər tərəfindən daşına bilir. Xüsusi təyinatlıların istifadəsi üçün nəzərdə tutulan “Karqu” qarışıqlıq şəraitdə seçilən hədəfi digərlərindən ayırd edib işarələyərək daha effekktiv şəkildə zərərsizləşdirmək kimi unikal imkanlara malikdir.

Kəşfiyyat, müşahidə və hədəfə zərbə endirilməsi üçün nəzərdə tutulan “Karqu” müxtəlif növ döyüş başlıqları ilə təchiz oluna bilir. Kamikadze dron gündüz və gecə əməliyyatlarında istifadə üçün lazım olan avadanlıqlarla təchiz edilib. Uçuş mənzili 5 km, uçuş tavanı 1000 metr təşkil edən “Karqu” havada 10 dəqiqə qala bilir. Çəkisi 6285 qram təşkil edən dronun sürəti 72 km/saatdır. “Karqu” hədəfə 45 dərəcə bucaq altında  180 km/saat sürətlə şığıyır.

Warmate

Polşanın “WB Electronics” şirkəti tərəfindən istehsal edilən “Warmate” kamikadze PUA hazırda region dövlətlərindən Ukrayna və Türkiyənin istifadəsində mövcuddur. 2017-ci ildə Ermənistan da “Warmate”nin alınmasına dair istehsalçı şirkətlə danışıqlara başlayıb. Ukraynada adıçəkilən kamikadze PUA “ÇeZaRa” Səhmdar Cəmiyyəti tərəfindən “Sokol” adı ilə istehsal olunur. Kompozit materiallardan hazırlanmış “Warmate”nin çəkisi 4 kq, qanad açıqlığı 1.4 metrdir. Elektrik mühərrikə malik PUA-nın maksimum sürəti 80 km/saat, havada qalma müddəti 30 dəqiqədir.

PUA 4 fərqli növdə – 1350 qram yüksək partlayış gücünə malik HEW (təsir sahəsi 50 kv.m), 530 qram BFW (təsir sahəsi 70 kv.m), 1100 qramlıq kumulyativ (CW – 100-120 mm homogeny zirehi dəlir), 530 qramlıq termobarik ІW (70 kv.metr sahədə 2000 dərəcə temperature yaradır) döyüş başlığı ilə təchiz oluna bilər.

Hero-30

İsrailin “UVision” şirkətinin 0.5 kq yüksək effektli partlayıcı daşıyan, elektrik mühərrikə sahib “Hero-30” sursatı 30 dəqiqə ərində uçuş edərək kəşfiyyat və zərbə tapşırıqlarını yerinə yetirməyi bacarır. İstehsalçı şirkətin məlumatında “Hero-30”un 5, 10, 40 km mənzilli versiyalarının mövcud olduğu vurğulanır.

Xüsusi qabda yerləşən sursat pnevmatik üsulla atışdan sonra mühərrikin işə düşməsi nəticəsində uçuşunu davam etdirir. İnfraqırmızı elektro-optik sensorla təchiz olunmuş “Hero-30” təxminən 300-600 metr yüksəkliyə qalxaraq hədəf axtarışını aparır, bu zaman görüntünü DataLink sistemi ilə operatorun monitoruna ötürür.

Yeddi kiloqram çəkiyə malik “Hero-70” modeli isə 40 km mənzilə malikdir. 1.2 kq ağırlığında çoxməqsədli döyüş başlıqları ilə (1.2 kq) təchiz olunan “Hero-70” isə havada 45 dəqiqə qalır.

DragonFly

Polşanın WZL-2 zavodunda hazırlanmış multikopter dizaynlı “DragonFly” “gəzən sursat”ı 5 kq çəkiyə malikdir. Əsasən yaşayış məntəqələrində döyüşlərin aparılması üçün nəzərdə tutulmuş “DragonFly”in uçuş məsafəsi 10 km, sürəti 80 km/saat, havada qalma müddəti 25 dəqiqə təşkil edir. Əsgərin yük çantasında daına bilən sistem xüsusi təyinatlı qüvvələrin istifadəsində yer alacaq.