27/01/2017 15:36

Respublika Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib

Silahlı Qüvvələrdə qeydə alınan cinayətlərin statistikası açıqlanıb

Bu gün Respublika Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

“AzeriDefence”nin APA-ya istinadən verdiyi məlumatına görə,  Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb.

X. Vəliyev Silahlı Qüvvələrdə qeydə alınan korrupsiya cinayətlərinin statistikasını da açıqlayıb. Diqqətə çatdırılıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2016-cı ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülüb. Bu xarakterli faktlar üzrə 153 şəxs barəsində 117 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

Cəbhədə ötən ilin aprel ayında baş verən silahlı toqquşmalarla bağlı Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işinin başlandığını deyən X. Vəliyev qeyd edib ki, ötən ilin aprel ayında qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini və mülki obyektlərini iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutublar. Ermənistan silahlı qüvvələri tərəfindən milli ədavət və düşmənçilik niyyəti ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qəsdən öldürülmələri və qəsdən öldürməyə cəhd faktlarına görə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü, 29,120.2.7-ci, 29,120.2.12-ci, 120.2.7-ci və 120.2.12-ci maddələri ilə başlanmış cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupunun üzvləri xidməti vəzifələrini gərgin şəraitdə, yüksək peşəkarlıqla yerinə yetirərək qısa müddət ərzində çoxsaylı istintaq hərəkətlərinin icrasını vaxtında təmin ediblər. Hazırda həmin cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

X.Vəliyev Azərbaycan Silahlı Qüvvələrində qeydə alınan cinayətlərin statistikasını da açıqlayıb. Hərbi prokuror bildirib ki, 2015-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər 14,2 faiz, hərbi xidmətdən yayınma cinayətləri 35,1 faiz, o cümlədən hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə 40,2 faiz, fərarilik 69,2 faiz, tabelik qaydası əleyhinə 4,2 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 4 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə 53,3 faiz, qəsdən adam öldürmə 36,8 faiz, özünü öldürmə həddinə çatdırma 14,3 faiz azalıb.