08/03/2018 23:35

ROKETSAN-ın SOM-J raketi F-35 təyyarələrinin silahlanmasına daxil ediləcək

F-35 döyüş təyyarəsini dizayn və istehsal edən ABŞ-ın “Lockheed Martin” şirkəti Türkiyənin ROKETSAN şirkəti tərəfindən yaradılmış SOM-J raketinin tanıtım videosunu özünün “Youtube”dəki rəsmi kanalında yayımlayıb.

“AzeriDefence”nin məlumatına görə, SOM-J raketinin “hava-yer”, xüsusilə də güclü qorunan hədəfləri məhv etmək üçün yaradıldığına diqqət çəkən “Lockheed Martin” layihənin ROKETSAN ilə birgə icra olunduğunu bəyan edib.

Qeyd edək ki, F-35 JSF təyyarələrinin daxili silah stansiyalarında daşınacaq SOM-J raketlərinin təyyarəyə inteqrasiyası ilə bağlı “Lockheed Martin” şirkəti tərəfindən işlər aparılır.

Məlumat üçün bildirək ki, 150 dəniz milindən artıq mənzilə sahib SOM-J raketi yüksək dəqiqliyə malikdir. İnfraqırmızı görüntüləyici özütuşlanan başlığa sahib raketin uçuş sırasında hədəfi tanıma, həmçinin “şəbəkə dəstəkli sursat” xüsusiyyəti mövcuddur. Raketin uzunluğu təxminən 4 metr, ağırlığı 500 kq təşkil edir. SOM-J raketi 140 kq ağırlığında qəlpəli və ya zirehdələn döyüş başlığı daşıyır.