17/09/2015 12:05

ROKETSAN və Lockheed Martin SOM-J raketlərinin F-35 təyyarələrinə inteqrasiyası üçün anlaşdı

Türkiyənin ROKETSAN şirkəti ABŞ-ın “Lockheed Martin” şirkəti ilə SOM-J yeni nəsil “hava-yer” raketinin F-35 döyüş təyyarələrinin daxili silah stansiyasına inteqrasiyasına dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence”yə ROKETSAN şirkətindən məlumat verilib.

Londonda DSEİ-2015 beynəlxalq müdafiə sərgisi çərçivəsində imzalanmış müqavilə Texniki Dəstək Müqaviləsinin aktivləşdirilməsi və SOM-J yeni nəsil balistik raketin beynəlxalq müştərilərə satışını təmin edəcək.

SOM-J raketinin F-35 təyyarələrinə inteqrasiyası Blok-4 sisteminə görə planlanıb. Uçuşlu testlər ilk etapda Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrində gerçəkləşdiriləcək.

Lockheed Martin Missiles and Fire Control firmasının sədr müavini Frank St. Con F-35 təyyarələrinin gizli uçuşu əsnasında kritik görünməzlik qabiliyyətini qorumaqla pilotların SOM-J raketi ilə uzaq məsafələrdən hədəfləri vura biləcəyini bildirib.

ROKETSAN İdarə Heyıtinin sədri Emin Alpman isə Texniki Dəstək Müqaviləsinin iki firma arasındakı əməkdaşlığı gücləndirəcəyini deyib. O, F-35 təyyarələrinə inteqrasiyası sayəsində SOM-J raketlərinin dost və müttəfiq ölkələrə ixracı sahəsində də önəmli addımlar atılacağını, bunun müttəfiq ölkələrə mühüm imkanlar qazandıracağını vurğulayıb.

Qeyd edək ki, SOM raketinin yaradılması layihəsi 2006-cı ildə başlanıb və 2011-ci ildə raket Türkiyə Hava Qüvvələrinin inventarına daxil olub. Səsaltı sürətə sahib SOM raketinin daha kiçik versiyası olan SOM-J balistik raketi 500 funt (226.7 kq) döyüş başlığına və 100 dəniz mili (185 km) mənzilə sahibdir. SOM-J görüntüləyici arayıcı başlıqla yanaşı GPS, INS, TBN və IBN sistemlərini əsas güdüm sistemi olaraq istifadə edəcək.

 

DSC_3416

SOM-J