11/10/2017 15:44

ROKETSAN və “Ukroboronprom” birlikdə tanklar üçün dinamik zirehlər hazırlayacaq

Türkiyənin ROKETSAN şirkəti ilə Ukraynanın “Ukroboronprom” Dövlət Konserni arasında tanklar üçün dinamik zirehlərin yeni nəslinin yaradılmasına dair memorandum imzalanıb.

“AzeriDefence” xəbər verir ki, tərəflər arasında memorandum Ukraynanın Kiyev şəhərində keçirilən “Silah və təhlükəsizlik” sərgisi çərçivəsində imzalanıb.

Mərasimdə iştirak edən AZERİ DEFENCE jurnalının baş redaktoru Rəşad Süleymanovun məlumatına görə, memorandum çərçivəsində hər iki şirkət birlikdə yeni nəsil və daha güclü qorumaya malik dinamik zirehlərin yaradılmasını həyata keçirəcəklər.

Qeyd edək ki, “Ukroboronprom” Dövlət Konsernə daxil olan müəssisələr tərəfindən indiyə qədər müxtəlif tipli dinamik zirehlər hazırlanıbdır. Eyni zamanda ROKETSAN şirkəti tərəfindən də bənzər sistemlər hazırlanıbdır. Hətta ROKETSAN şirkəti may ayında Türkiyənin İstanbul şəhərində keçirilən İDEF-2017 beynəlxalq müdafiə sərgisində M60 tankını da həmin zirehlə zirehlənmiş şəkildə nümayiş etdirib.

Testlərdən sonra yaradılacaq yeni dinamik zireh hər iki sistemin mühüm özəlliklərini özündə birləşdirəcək və bununlada daha mükəmməl bir sistemin ortaya çıxarılması planlaşdırılır.