30/04/2015 14:01

ROKETSAN yeni məhsullarını İDEF-də nümayişə çıxaracaq – FOTOLAR

Türkiyənin ROKETSAN şirkəti may ayının 5-dən 8-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2015 beynəlxalq müdafiə sənayesi sərgisində özünün bir sıra yeni məhsullarını da ilk dəfə nümayişə çıxaracaq.Bu barədə “AzeriDefence”yə ROKETSAN şirkətindən məlumat verilib.

Yeniliklərdən biri lazer başlıqlı CİRİT raketinin nəqliyyat vasitəsi üzərindəki tətbiqidir. Qeyd edək ki, adıçəkilən raket bu günə qədər əsasən aviasiya vasitələrinin silahlanmasında nümayiş olunub. Yüksək dəqiqlikli vurma qabiliyyətinə sahib olan bu raket ROKETSAN mütəxəssislərinin sözlərinə görə, bütün platformalara inteqrasiya oluna bilir.

ROKETSAN-ın Quru Qoşunlarının əməliyyat qabiliyyətini artırmaq üçün hazırladığı KMC (Kaideye Monteli CİRİT) FNSS firmasının istehsalı olan nəqliyyat vasitəsi üzərinə inteqrasiya edilib. Sistem bütün inteqrasiya və test mərhələsini tamamlayıb.

Yüksək manevr qabiliyyətinə və 360 dərəcə bucaq altında hədəflərə atəş aça bilmə imkanına sahib KMC hədəflərə həm dayandıqda, həm də hərəkət halında atəş açır. Kompleks elektro-optik sistemlər qurulmuş tənzimlənən dirək vasitəsi ilə yüksək kəşfiyyat, nəzarət və hədəf təqibi qabiliyyətinə,
STANAG 3733-ə uyğun avtonom lazer işarələyiciyə, dördə bölünə bilən ekrana, Full HD IR, TV və SWIR video ilə ISR (Kəşfiyyat, Müşahidə və Aşkarlama), gündüz və gecə əməliyyat imkanına, operator və komandir konsoluna, MIL-STD-1760 uyumluluğuna, daxili sursat deposuna malikdir.

Sərgidə ilk dəfə nümayiş olunacaq SOM qanadlı raketinin SOM-J modifikasiyasının dizayn işlərinin proqram qrafikinə uyğun davam etdiyini bildirən ROKETSAN bu raketin üzərində Amerikan “Lockheed Martin” şirkəti ilə birgə çalışıldığını duyurub. SOM-J dizaynına baxış toplantısı cari ilin sentyabr ayında keçiriləcək. Raketin alt sistem dizaynı və testlərinə 2015-ci ilin noyabr ayında başlanacaq. 2017-ci ilin ikinci rübündə isə Türkiyə Hava Qüvvələrinin F-16 Blok 40 təyyarəsi ilə SOM-J-nin testlərinə başlanacaq və raketin inkişafı proqramının 2018-ci ildə tamamlanması nəzərdə tutulur.