02/05/2017 16:42

ROKETSAN yeni raketlərini təqdim edəcək – FOTOLAR

Türkiyənin ROKETSAN şirkəti İDEF-2017 sərgisində özünün reaktiv mərmilər, raketlər və döyüş sursatları ilə yanaşı bir sıra yeni məhsullarını nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”ə ROKETSAN şirkətindən məlumat verilib.

ROKETSAN stendində ilk dəfə “Xan”, TRG-122 və TRG-300 “Tiger” idarə olunan raketləri və MAM-C lazer başlıqlı raket təqdim olunacaq.

Uzun mənzilli idarə olunan “Xan” raketinin diametri 610 mm, çəkisi 2500 kq, döyüş başlığı 470 kiloqramdır. Raketin GNSS/ İNS və yalnız İNS naviqasiyası ilə hədəfə yönələn iki növü var. Raketin uçuşuna aerodinamik nəzarət və elektromexaniki dəqiqləşdirmə sistemi vasitəsi ilə nəzarət olunur. Yeni raketin hazırlanması zamanı ROKETSAN-ın bu sahədə uzun mənzilli raketlərin birgə istehsalında qazandığı təcrübədən də yararlanılıb. İstehsalçı müəssisə “Xan”ın öz sinfindəki analoqları ilə rəqabət apara biləcək özəlliklərə sahib olduğunu bildirir. “Xan” raketinin hədəfdən sapması maksimum məsafədə < 50 metr təşkil edir. Bir maşın üzərində iki raket yer alır. Sistem gecə və gündüz, hər cür hava və ərazi şərtlərində hədəflərə 300 km-ə qədər atəş açmaq imkanındadır.

Sərgidə təqdim olunacaq ROKETSAN-ın T-122 “Sakarya” sistemindən atış üçün hazırlanmış TRG-122 idarə olunan raketləri GPS və İNS naviqasiyasına malikdir. Bu raketlərlə 35-40 km məsafədə hədəfləri 10 metr dəqiqliklə məhv etmək mümkündür. 122 mm çaplı TRG-122 raketlərinin 2017-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacağı nəzərdə tutulub.

ROKETSAN mütəxəsisləri tərəfindən yeni hazırlanmış TRG-300 “Tiger” raketinin uzunluğu 5.24 metr, ağırlığı 585 kiloqram, döyüş başlığı 105 kiloqramdır. TRG-300 idarə olunan raketlərin atış məsafəsi 120 km-dir. GPS və İNS naviqasiyasına malik TRG-300 raketinin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. Qeyd edək ki, TRG-300 “Tiger” raket sistemi Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib. TRG-300 raketi Azərbaycan Ordusunun silahlanmasına yeni daxil olmuş T-300 “Qasırğa” uzun mənzilli raket sisteminə də komplektləşdirilib.

Sərgidə nümayiş olunacaq MAM-C raketi ROKETSAN şirkətinin “Cirit” lazer başlıqlı raketlərinin yeni versiyasıdır. MAM-C raketi sələfi “Cirit”dən ölçüsünə görə daha kiçikdir. Lakin raketin ümumi xarakteriskaları dəyişməyib. MAM-C versiyası pilotsuz uçuş aparatlarından atılmaq üçün nəzərdə tutulub.