08/12/2017 00:22

“Roshel” şirkəti “Toyota Land Cruiser” bazasında yeni zirehli müşahidə maşınını təqqdim edib – FOTO/VİDEO

Kanadanın “Roshel Müdafiə Həlləri” (Roshel Defence Solutions) şirkəti “Toyota Land Cruiser V8” (J200) maşınının bazasında hazırladığı zirehli Müşahidə və Nəzarət vasitəsini təqdim edib.

Şirkətdən “AzeriDefence”yə verilən məlumata görə, yeni zirehli maşın müxtəlif ərazilərdə tapşırıqları yerinə yetirmək, habelə sərhəd zonasında patrul xidmətini təşkil eləmək, hüquq-mühafizə orqanlarına müşahidə, nəzarət və kəşfiyyat imkanları təmin etmək üçün hazırlanıb.

Maşında teleskopik dirək üzərinə qurulmuş radar, termal kameranın da daxil olduğu elektro-optik sistem (EOS) və damda ayrıca yerləşdirilmiş idarə olunan döyüş modulu yer alır. Kompleks 360° bucaq altında ərazini skan etmək qabiliyyətinə malik “Blighter Revolutions 360” radarı daxildir. Radar dağlıq ərazilər daxil olmaqla, bütün ərazilərdə insanı 7.4 km, hərəkət edən nəqliyyat vasitəsini 16 km məsafədən aşkarlamağı bacarır.

Uzaqdan idarə olunan döyüş modulu isə maşın stasionar halda və hərəkətdə olduqda hədəfləri dəqiqliklə məhv etməyə imkan verir. Silah sistemi daha mükəmməl görüntü işləmə alqoritminə, gecə və gündüz şəraitində hədəfləri aşkarlama xüsusiyyətinə sahibdir. İstəkdən asılı olaraq, kompleks rəngli zoom kameraları, lazer məsafəölçən və sooyudulmuş termal kamera ilə təchiz edilə bilir.

Maşın 7.62 və 5.56 NATO sursatlarından, həmçinin 7.62×39 mm AK47 güllələri daxil olmaqla yüksək zirehdəlmə qabiliyyətinə malik güllələrdən qorunma təmin edən Avropa CEN standartlarına əsasən B6 müdafiə səviyyəsinə uyğun olaraq zirehləndirilib. Zirehlənmə zamanı şassinin manevr qabiliyyətinin saxlanılması məqsədi ilə yüngül kompozit materiallardan istifadə olunub.

““Toyota Land Cruiser” bazasında hazırlanmış yeni müşahidə və video nəzarət kompleksi müştərilərimizin müxtəlif ərazilərdə qabaqcıl taktiki imkanları təmin etmək üçün irəli sürdüyü tələblərə cavab vermək üçün hazırlanmış və inkişaf etdirilmişdir. Nəqliyyat vasitələri üçün əvvəlcədən sifarişlər alınıb”, – deyə “Roshel” şirkətinin baş direktoru Roman Şimonov bildirib.

Müşahidə və nəzarət sistemi ilə təchiz edilmiş zirehli maşının başlanğıc qiyməti 750 min ABŞ dollarıdır.