21/05/2018 19:19

“Rosoboroneksport” KADEX-2018 sərgisində yeni nəsil silah və hərbi texnikalarını nümayiş etdirəcək

Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan “Rosoboroneksport” şirkəti 23-26 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək KADEX-2018 V Beynəlxalq hərbi-əmlak sərgisində yeni nəsil silah və hərbi texnikalarını nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə “Rosoboroneksport” şirkətindən məlumat verilib.

“Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirib ki, sərgidə Rusiyanın 300-dən çox hərbi təyinatlı məhsulları sərgilənəcək. Təqdim olunacaq məhsullar arasında əsasən Aviasiya texnikası və kosmik texnologiyalar, hava hücumundan müdafiə vasitələri, Quru Qoşunları, Hərbi Dəniz Qüvvələrinin silah və texnikası, pilotsuz uçuş aparatları, rabitə sistemləri, robot texnikalar, İT texnologiyalar və s. yer alacaq.

A.Mixeyev qeyd edib ki, sərgi zamanı “Rosoboroneksport” xarici sifarişçilər üçün bir sıra yeni silah və hərbi texnikanın təqdimatlarını keçirəcək. Şirkət Quru Qoşunların nümayəndələri üçün maraq doğuracaq atıcı silah, tank təlimi üçün texniki vasitələr nümayiş etdirəcək. Bundan başqa sifarişçilər üçün zirehli transportyor olan BT-3F, Tiqr-M zirehli avtomobilinin təqdimatı keçirələcək. Həmçinin yeni silahlanmaya qəbul olunmuş, döyüş imkanları ilə özünü təsdiq etmiş BMPT “Terminator” atəş dəstəyi maşınları nümayiş ediləcək. Bunlarla yanaşı, Rusiya nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş meydançada Ural-4320 və Ural-432009 sərgi iştirakçılarına göstəriləcək.

Sərgidə Su-30SM döyüş təyyarələri, Yak-130 tipli təlim-döyüş təyyarəsi,  İl-76MD-90A hərbi nəqliyyat təyyarəsi, Mİ-35M helikopteri, Mi-171Ş çoxməqsədli helikopter, Ka-226T helikopteri, bundan əlavə “Orlan-10E” və “Orion-E”  pilotsuz uçuş aparatları nümayiş ediləcək.

Şirkətin stendində həmçinin Hərbi Dəniz Qüvvələri nümunələri də yer alacaq.  “Karakurt-E” 2280E layihəli kiçik raket gəmisi, “Sarsar” 21635.1 layihəli kiçik raket gəmisi təqdim olunacaq. Bildirilib ki, regional müştərilərin 219980 layihəli “Qraçonok” xüsusi təyinatlı katerinə, 02510 layihəli BK-16 və 02450 layihəli BK-10 yüksək sürətli hücum katerinə maraq göstərəcəkləri gözlənilir.

“Rosoboroneksport” Astanda hava hücumundan müdafiə və radiolokasiya stansiyalarını (RLS) da geniş şəkildə nümayiş etdirəcək. Xüsusilə də “Buk-M2E”, “Tor-M2E” zenit raket komplekslərini, “Pantsir-S1” zenit raket-top kompleksi, “Rezonans-NE” hava hədəflərinin uzaqdan aşkar edilməsi üçün istifadə olunan radiolokasiya stansiyası nümayiş ediləcək.

Sərginin işgüzar proqramı çərçivəsində Qazaxıstan və digər ölkələrin güc strukturlarının rəsmiləri ilə “Rosoboroneksport” şirkətinin nümayəndə heyətinin görüşləri planlaşdırılıb.