21/08/2017 19:05

Rumıniya Ordunun müdafiə gücünü artırır

ABŞ və Rumıniya arasında “High Mobility Artillery Rocket Systems” (HIMARS) raket sistemləri və ATACMS raketlərinin alğı-satqısına dair müqavilə imzalanıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, müqavilənin dəyəri 1,25 milyard ABŞ dolları təşkil edir.

Müqaviləyə əsasən baş podratçı “Lockheed Martin” korporasiyası Rumıniya Silahlı Qüvvələrini 54 ədəd M142 HIMARS raket sistemi ilə təmin edəcək. HIMARS raket sistemi 81 GMLRS M31A1 “Unitary” korrektə edilən monoblok raket və 81 ədəd GMLRS M30A1 “Alternative Warhead” korrektə edilən raket ilə komplektləşdirilib. 5 ton ağırlığında olan FMTV maşının şassisi üzərinə inteqrasiya olunan HIMARS sistemi 6 raket tutumlu boru ilə təchiz olunub.

Həmçinin çatdırılmaya 15 zirehli və 15 zirehsiz M1151A1 HMMWV avtomobili, 54 M1095 MTV qoşqusu və 10 M1089A1P2 FMTV “Wrecker” sistemə raket yükləyən maşın, həmçinin 24 AFATDS idarəetmə sistemi daxildir. Bundan başqa Rumıniya Ordusu 54 ədəd monoblok ATACMS M57 “Unitary” operativ-taktiki raket və 30 ədəd LCRR praktiki raket ilə təmin ediləcək.

Rumıniya Hökuməti Müdafiə Nazirliyinin 11,6 milyard ABŞ dolları təşkil edən satınalma proqramının üç əsas prioritetindən birinin HIMARS raket sistemlərinin alınması olduğunu açıqlayıb. ABŞ-dan iki başqa prioritet satınalma 36 ədəd F-16 döyüş təyyarələr və 7 ədəd “Patriot” zenit raket kompleksi (ZRK) nəzərdə tutulub.

Bu proqram üzrə HIMARS sistemlərinin 2022-ci ilə qədər sifarişçiyə çatdırılıması qərarlaşıb. Həmçinin göstərilən proqram çərçivəsində Rumıniya yeni döyüş helikopterlərinin əldə edilməsini planlaşdırır.

HIMARS satınalınmasının reallaşdırması halında, Rumıniya Sinqapur, İordaniya, BƏƏ və Qətərdən sonra bu sistemin beşinci xarici istismarçısı olacaq.