26/01/2012 11:38

Rusiya AK-12 avtomatının kütləvi istehsalına başlayır

Rusiya atıcı silahların beşinci nəslinə aid AK-12 model “Kalaşnikov” avtomatının kütləvi istehsalına başlayır.“İjmaş” İstehsalat Birliyinin baş direktoru Maksim Kuzyukun sözlərinə görə, 2011-ci ildə AK-12-nin istehsalı üçün işləri tam yekunlaşdırılıb və müəssisə kütləvi istehsala üçün hazırlanıb. Artıq Rusiya Daxili İşlər Nazirliyi AK-12-nin silahlanmaya qəbul edilməsi üçün müəssisəyə müraciət edib.

Avtomat silahın hazırlanması qrupuna rəhbərliyi müəssisənin baş konstruktoru Vladimir Zlobin edib. Müəlliflər silah hazırlanan zaman sadəlik və ənənənin itirilməməsinə çalışıblar. Avtomat yüksək etibarlılıq və istehsal zamanı xərcinin az olması ilə də diqqəti çəkir.

Yaxın illərdə AK-12-nin bazasında “Kalaşnikov” avtomatının 20 müxtəlif modifikasiyası hazırlanacaq. Avtomatın güllələri 5.45 və 7.62 millimetr çaplıdır. AK-12-yə əlavə qurğular – görmə cihazları, lüləaltı qumbaraatan, nişangah quraşdırmaq mümkün olacaq. Silahdan hər iki əldə ayrı-ayrılıqda rahat şəkildə istifadə etmək mümkündür. Ən əsası isə sol əllə istifadə zamanı avtomat heç bir problem yaratmayacaq. Avtomat üç – tək, üç və avtomat atəş rejimlərində çalışa biləcək.

Avtomatın yeniliklərdən biri də xarici istehsal olan qumbaraatanların silaha inteqrasiya oluna bilməsidir. Silahın darağı 30-60 güllə tutumundadır. Baraban tipli darağında isə 95 mərmi yerləşir.