14/03/2013 14:23

Rusiya “Armata” tankında insansız qüllə tətbiq edəcək

Rusiya “Armata” əsas döyüş tankında dünyada ilk dəfə olaraq insansız qüllə tətbiq edəcək. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Rusiya mediası Uralvaqonzavod Elmi-İstehsalat Korporasiyasının baş direktoru Oleq Sienkoya istinadən məlumat yayıb.

“Bu yeni tərtibata malik döyüş maşınıdır. Hansı ki prinsipial olaraq heç kimdə yoxdur”, – deyə müəssisə rəhbəri “Exo Moskva” radiosuna bildirib.

Sienkonun sözlərinə görə, hazırda işlər aparılan universal platforma əsasında “Armata” da daxil olmaqla, təxminən 30 müxtəlif təyinatlı maşın yaratmaq mümkün olacaq.

“Armata” üçün yeni döyüş sursatı və yeni nəsil dinamik müdafiə kompleksi də hazırlanır. Tank həmçinin yeni mühərrik ilə təchiz olunacaq.

Sienko cari ilinin sonunadək “Armata” üzrə əsas işlərin qurtarılacağına ümid etdiyini deyib. Müəssisə rəhbəri əlavə edib ki, “Armata” sentyabrda Nijni-Taqildə keçiriləcək beynəlxalq sərgidə nümayiş etdirilməyəcək.