05/12/2018 14:16

Rusiya Azərbaycana “Bal” vermədi

Rusiyanın Müdafiə Nazirliyi Azərbaycana “Bal-E” sahil mühafizə raketlərinin satışına icazə verməyib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Rusiya Federasiyası Müdafiə Nazirliyinin mövqeyinə görə Azərbaycan bu ölkədən “Bal-E” sahil mühafizə kompleksi ala bilməyəcək.

Rusiya hərbçiləri hesab edirlər ki, kompleksin hətta ixracat modifikasiyası Xəzər flotiliyasına qarşı potensial təhlükə yaradır.

Qəzet iddia edir ki, “Bal-E”nin “yer-yer” raketi kimi istifadəsi mümkündür. Bu da onun Ermənistana qarşı istifadəsinə imkan verə bilər.

Azərbaycan və Rusiya arasında “Bal” sahil mühafizə kompleksinin alqı-satqısına dair danışıqlar 2014-cü ildə başlanıb. Qəzetin yazdığına görə, hətta kompleksin X-35E raketləri ilə silahlandırılmış kiçik partiyasının əldə edilməsinə dair müqavilə hazırlanıb. Lakin qeyd olunan səbəbdən müqavilə imzalanmayıb.