31/08/2017 15:20

Rusiya BMP-3-lərin son partiyasını Azərbaycana 2018-ci ildə göndərəcək

Rusiya BMP-3 piyada döyüş maşınının son partiyasını Azərbaycana 2018-ci ildə göndərəcək.

“AzeriDefence”nin “TASS” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, BMP-3 tədarükü ilə bağlı ləngimələr maliyyə çətinliyi ilə əlaqədar olub. Müqavilə üzrə döyüş maşınların son partiyasının 2016-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdu.

Silah tədarükü üzrə ödənişlərin gecikdirilməsi ilə əlaqədar Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmaq üçün Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin martın 2-də Bakıda səfərdə olub. Azərbaycan tərəfi ilə danışıqların yekununda razılıq əldə olunaraq, texnikaların göndərilməsi davam etdirilib.

BMP-3 piyada döyüş maşınlarının çatdırılmasına dair Rusiya və Azərbaycan arasında 2010-cu ildə imzalanan müqavilənin dəyəri 220 mln. ABŞ dolları təşkil edib. Müqaviləyə əsasən 2013-cü ildə maşınların ilk partiyası Azərbaycana göndərilib. Müqaviləyə görə Rusiya Azərbaycana 91 ədəd BMP-3 tədarük etməli idi.