13/10/2012 10:19

Rusiya “Bumeranq” platforması əsasında zirehli avtomobilin ilk prototipini yığmağa hazırlaşır

Rusiyanın Hərbi Sənaye Şirkəti (VPK) 2013-cü ildə “Bumeranq” platforması əsasında perspektivli zirehli avtomobilin birinci iki prototipini yığacaq. “AzeriDefence”nin məlumatına görə, bu barədə şirkətin rəhbəri Sergey Suvorov bildirib.

Daha əvvəl yeni texnikanın 2015-ci ildə yaradılacağı bildirilsə də Rusiya layihə üzrə işləri sürətləndirməyə qərar verib.

Suvorovun sözlərinə görə, 2013-cü ildə yığılmış prototiplər yalnız sifarişçiyə göstəriləcək. Eyni zamanda maşınların sınaqdan keçirilməsinə başlanacaq.

“Bumeranq” SSRİ və Rusiya istehsalı olan BTR-80 və BTR-90 maşınlarından prinsipial olaraq fərqlənən zirehli texnikanın yeni ailəsini təşkil edəcək. Yeni platforma 8×8 təkər formulu alacaq. Gələcəkdə onun bazasında ağır təkərli tanklar, piyada döyüş maşınlarını, zirehli avtomobillər və zenit raket komplekslərini buraxmaq planlaşdırılır. Yüngül və orta “Bumeranq” modifikasiyaları amfibiya xüsusiyyətlərinə malik olacaq. Yeni zirehli avtomobildə desant üçün çıxış salonun arxa hissəsində yerləşdiriləcək.