27/04/2012 11:11

Rusiya Dağıstanda “Bal-E” tipli sahil raket kompleksindən atışlar keçirib

Rusiyanın Xəzər flotiliyası bu gün Dağıstandakı Adanak poliqonunda “Bal-E” tipli mobil sahil raket kompleksindən birinci raket atışını keçirib. Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumat yayıb.

Sınaq atışları zamanı idarəetmə məntəqəsinin maşınlarının şəxsi heyəti radiolokasiya stansiyasından istifadə edərək, Xəzər dənizinin akvatoriyasında poliqondan 50-dən uzaq məsafədə olan hədəfin koordinatlarını təyin edib. Müqayisəli analizdən sonra özüyeriyən işəsalma qurğularının ekipajı raket zərbəsi ilə hədəfi məhv etməyi bacarıb.

Raket atışı gəmi əleyhinə iki ədəd X-35 tipli qanadlı raketlə yerinə yetirilib.

“Bal-E” kompleksi istənilən hava şəraitində 120 km-dək məsafədə hədəfləri məhv etmək imkanlarına malikdir. Kompleksin özəlliklərindən biri də onun işəsalma qurğularının sahildən 10 kilometrə qədər məsafədə gizli mövqelərdə yerləşdirilə bilməsidir. Raket kompleksi keçən ilin sonunda Xəzər flotiliyasının tərkibinə daxil edilib.