17/11/2017 18:52

Rusiya Ermənistan FHN nəzdindəki mərkəzə 16 milyon dollarlıq avadanlıq və texnika verib

Rusiya Ermənistan FHN nəzdində fəaliyyət göstərən Ermənistan-Rusiya humanitar əməliyyatlar mərkəzinə bu il 16 milyon dollar dəyərində texnika və avadanlıq verib.

“AzeriDefence”nin məlumatına görə, dəstək proqramı çərçivəsində mərkəz “MYIN Solar 555” və “Korvet-500 FİSH” motorlu qayıqlar (cəmi 4 ədəd), 5 ədəd “UAZ Patriot” avtomobili, sualtı işlər və istehkamçılar üçün bir maşın, işıqlandırma üçün fənərlər, “Omega” tənəffüs aparatları, generatorlar, axtarış vasitələri, habelə 10 min örtük və 5 min ədəd yığılan çarpayı bağışlayıb.

Bundan başqa, Mərkəzin istifadəsinə 8 ədəd kvadrosikl verilib. Mərkəzin Ermənistan tərəfdən rəhbəri Pavel Gözəlyanın sözlərinə görə, təchizat prosesi davam edir. Yaxın vaxtlarda texnikanın və avadanlığın yeni partiyasının Ermənistana göndərilməsi planlaşdırılır. Yeni partiyada yanğınsöndürmə və xilasetmə texnikaları, habelə xüsusi geyim dəstləri olacaq.