12/10/2017 10:07

Rusiya Ermənistana müasir silahlar alması üçün 100 milyon dollar kredit verəcək

Rusiya Ermənistana müasir silah və hərbi texnikaların alınması üçün 100 milyon ABŞ dolları dövlət ixrac krediti verəcək.

“AzeriDefence” “Armenpress”ə istinadən xəbər verir ki, Ermənistan və Rusiya arasında kreditin verilməsinə dair sazişin imzalanması məsələsi Ermənistan hökumətinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Razılaşmaya əsasən, Rusiya 100 milyon ABŞ dolları dövlət ixrac kreditin Ermənistana 20 il müddətinə verir. Müqaviləyə əsasən 20 il müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Layihənin əsaslandırılmasına görə, sazişin imzalanması Ermənistanın strateji maraqlarına tam uyğundur və bu layihənin reallaşdırılması Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.

QEYD

Rusiya və Ermənistan hökumətləri arasında 2015-ci ilin iyun ayının 26-da imzalanmış, Ermənistana dövlət ixrac kreditinin təqdim edilməsinə dair razılaşmaya görə Rusiya tərəfi Ermənistana Rusiyada istehsal edilən silahların və hərbi texnikanın alınması üçün 200 milyon dollar məbləğində kredit təqdim edib.

Ermənistan Rusiya ilə bu kredit sazişi çərçivəsində 18 müqavilə bağlayıb. Hazırda silahların istehsalı və Ermənistan Silahlı Qüvvələrinə çatdırılması prosesi həyata keçirilir. 2016-cı ildə tərəflər arasında imzalanmış kredit sazişinə əsasən Rusiyanın Ermənistanı müxtəlif silahlar və 14 çeşiddə hərbi texnika ilə təmin etməsi nəzərdə tutulub.

Kredit vəsaiti hesabına Rusiya Ermənistana 9K58 “Smerç” reaktiv yaylım atəş sistemləri və onlar üçün 300 mm çaplı 9M531 kumulyativ-qəlpəli elementli döyüş sursatı, T-72 tankının şassisi üzərində TOS-1A sistemi, onun nəqliyyat yükləyicisi (T3M-T –KamAZ bazasında), TOS-1A üçün idarə olunmayan termobarik raketlər, idarə olunan 9M113M raketləri, V-429E markalı partladıcılar, 9P522 “İqla-S” daşınan ZRK buuraxıcı qurğusu və 9M342 “İqla” zenit raketi, 1L222M “Avtobaza” radiotexniki kəşfiyyat sistemi, zirehli texnika üçün V-84 və UTD-20 mühərrikləri, tanklar üçün 1A-40-1 nişangah kompleksinin satışı planlaşdırılıb.

Atıcı silahlardan müqavilə üzrə ermənilərə RPQ-26 reaktiv qumbaraatanları, 7.62 mm çaplı SVD snayper tüfəngləri, mühəndis vasitələrindən OVP-2 minatəmizləmə komplekti, İMP-S-2 sellektiv mina detektorları, siqnal minaları, EOV-3523 hərbi ekskvatorlar, müxtəlif hərbi təyinatlı kranlar, rabitə vasitələri (P-168-100KAE, P-168-5KHE), “Tiqr” zirehli avtomobilləri, habelə KamAZ və UAZ markalı avtomobil nəqliyyat vasitələri verilməsi nəzərdə tutulur.