21/05/2018 13:20

Rusiya Ermənistana “Tor-M2” zenit-raket kompleksləri verəcək

Rusiya Ermənistan Silahlı Qüvvələrinə yaxın aylarda “Tor-M2” zenit-raket kompleksləri (ZRK) verəcək.

“AzeriDefence” “Regnum” agentliyinə istinadən xəbər verir ki, bu haqda məlumat Ermənistan Müdafiə Nazirliyinin “Zinuj” televiziya verilişində bildirilib.

Qeyd olunub ki, Ermənistan Hava Hücumundan Müdafiə Qoşunları yaxın aylarda Rusiya istehsalı olan 9M338K idarəolunan raketləri ilə dəstləşdirilən 9K331M “Tor-M2” zenit-raket kompleksləri ilə təchiz olunacaq. Bununla da, Rusiyanın yeni hərbi krediti çərçivəsində imzalanan 3 müqavilədən birinin tərkibi açıqlanıb. Xəbərdə vurğulanıb ki, Rusiyanın 200 milyon dollarlıq güzəştli ilk krediti üzrə təchizatların həyata keçirilməsindən sonra 100 milyon dollarlıq ikinci kredit təklif olunub.

Ermənistanın sabiq müdafiə nazirinin müavini Artak Zakaryan bildirib ki, artıq 2017-ci ilin dekabrında ümumi məbləği 100 milyon dollardan çox olmayan 3 müqavilə imzalanıb. Sabiq nazir müavinin sözlərinə görə, bu tədarük Ermənistanın hava hücumundan müdafiə və ön mövqelərini möhkəmləndirməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Rusiyanın “Almaz-Antey” şirkətinin istehsalı olan “Tor-M2” ZRK təyyarələrin, helikopterlərin, agrodinamik pilotsuz uçuş aparatların, kiçik və orta idarə olunan raketlərin, aşağı hündürlüklərdə uçan yüksək dəqiqlikli PUA-ların məhv edilməsi üçün nəzərdə tutulub.