29/03/2018 14:35

Rusiya Ermənistanda keçirilən hərbi sərgidə 200-dən çox məhsul nümayiş etdirir

Bu gün Ermənistanın paytaxtı İrəvanda “ArmHiTec 2018” müdafiə sərgisi işə başlayıb.

“AzeriDefence”nin məlumatına görə, martın 31-dək davam edəcək sərgidə əsas yeri Ermənistan və Rusiya müəssisələri tutmaqla, Fransa, Polşa, Qazaxıstan, Bolqarıstan və Belarusdan şirkətlər təmsil olunur.

Sərgidə Rusiyanı Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktor müavini Vladimir Drojjov başçılıq etdiyi geniş nümayəndə heyəti təmsil edir.

Sərgidə vahid Rusiya ekspozisiyasının təşkilatçısı qismində çıxış edən “Rosoboroneksport” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, Rusiya müəssisələri 200-dən çox nümunəsini təqdim edir.

Rusiyanın təqdim etdiyi məhsullar arasında Quru Qoşunları üçün BTR-82A zirehli transportyor, BMPT tanklara atəş dəstəyi maşını, VPK-233136 xüsusi zirehli avtomobillər, “Tayfun-K” seriyalı avtomobillər, “Xrizantema-S” və “Metis-M1” tank əleyhinə komplekslər, atıcı silahlardan AK-100 seriyalı avtomatlar, “Peçeneq” pulemyotu, AZART R-187-P1E çoxrejimli radiostansiyalar, aviasiya texnikalarından Su-30MK və Su-35 çoxməqsədli döyüş təyyarələri, İl-76MD-90A hərbi-nəqliyyat təyyarəsi, Yak-130 tədris-döyüş təyyarəsi, Mi-28NE və Ka-52, Mi-35M döyüş, Mi-171Ş hərbi nəqliyyat helikopterləri, habelə təhlükəsizlik sektoruna aid məhsullar yer alır.

Rusiyanın “Almaz-Antey” hava-kosmik müdafiəsinin konserni də Ermənistanda “ArmHiTec-2018” sərgisi çərçivəsində bu ölkənin müvafiq qurumları ilə görüşlər keçirməyi planlaşdırır.

Şirkətin baş direktorunun müavini Vyaçeslav Dzirkaln mətbuata müsahibəsində bildirib ki, “Almaz-Antey” İrəvandakı sərgidə S-400 “Triumf”, S-300VM “Antey-2500”, S-300PMU2 “Favorit”, həmçinin “Buk-M2E”, “Tor-M2E”, “Tor-M2K” və “Tor-M2KM” zenith raket komplekslərini sərgiləyəcək. Bundan başqa, konsern “ArmHiTec-2018” sərgisində yeni çoxfunksiyalı 55J6ME və “Nebo-SVU” mobil radiolokasiya kompleksini təqdim edəcək.