01/07/2019 14:39

Rusiya gəzən sursat nümunələrini yaradır

Rusiyanın “Kalaşnikov” Konserni “Army 2019” beynəlxalq forumunda yeni “ZALA Lancet” zərbə pilotsuz uçuş aparatını (PUA) təqdim edib.

Bu barədə “AzeriDefence”nin “Army 2019” sərgisində iştirak etmiş əməkdaşı məlumat verib.

Şirkət mütəxəssisləri bildiriblər ki, “ZALA Lancet” zərbə PUA-nın sınaqları başa çatıb.

“ZALA Lancet” hədəfləri avtonom şəkildə tapmaq və vurmaq qabiliyyətinə malik çoxməqsədli silahdır. Silah sistemi dəqiq zərbə komponenti, kəşfiyyat, naviqasiya və rabitə modullarından ibarətdir. PUA öz naviqasiya sahəsini yaradır, yerüstü və ya dəniz əsaslı infrastruktur tələb etmir.

“ZALA Lancet” koordinat, optik-elektron və kombinasiya edilmiş hədəf sistemləri ilə təchiz olunub. Bundan başqa zərbə PUA hədəf nişanını təsdiqləməyə imkan verən video görüntünü istifadəçiyə ötürə bilir. Maksimal uçuş çəkisi 12 kiloqram olan “ZALA Lancet” PUA-nın əməliyyat sahəsi 40 kilometrdir.