30/04/2015 13:04

Rusiya IMDS-2015-ə hazırlaşır

İyul ayının 1-dən 5-dək Rusiyanın Sankt-Peterburq şəhərində IMDS-20157-ci Beynəlxalq hərbi-dəniz sərgisi keçiriləcək. “AzeriDefence”nin məlumatına görə, “Lenekspo” mərkəzində baş tutacaq dünyanın ən böyük hərbi dəniz sərgilərindən olan IMDS-in təşkilatçısı qismində Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi, tərəfdaş qismində isə Müdafiə və Xarici İşlər nazirlikləri, o cümlədən Hərbi-texniki Əməkdaşlıq üzrə Federal Xidməti, “Rosoboroneksport” Dövlət Şirkəti çıxış edir.

Sərginin tematikasına gəmiqayırma, dəniz qurğularının tikintisi, silah və sursat, döyüş idarəetməsi sistemləri, naviqasiya, rabitə, gəmi enerji təchizatı sistemləri, dəniz aviasiyası, dəniz qüvvələrinin infrastrukturu kimi istiqamətlər daxildir. Sərginin açıq ekspozisiyasının ümumi sahəsi 17 min kvadrat metrdir. Bu ərazi Fin körfəzi akvatoriyasına daxildir.

Tədbirə 62 ölkədən olan rəsmi nümayəndə heyəti dəvət edilib. Təşkilat Komitəsinə sərgidə iştirak üçün 42 ölkədən 350-dən artıq şirkətdən müraciət daxil olub. İMDS-2015-də Almaniya və Fransa milli pavilyonla təmsil olunacaqlar.

Sərginin açıq ekspozisiyasında “Vertolyotı Rossii” Dövlət Şirkətinin Kа-27M, Ка-29, Ка-31, Ка-52 helekopterləri də nümayiş etdiriləcək. Sərginin nümayiş bölümündə – “Dəniz vağzalı” sahilində isə Rusiya Hərbi-Dəniz Qüvvələrinə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına və iştirakçılara məxsus 30 gəmi, qayıq və üzmə vasitəsi yer alacaq. Tədbirlər çərçivəsində, Rusiya Müdafiə Nazirliyinin “Rjevka” təlim mərkəzində isə rəsmi nümayəndə heyəti üçün dəniz qüvvələrinə aid artilleriya qurğularından atışların nümayişi planlaşdırılır.

İMDS-2015 sərgisi ilə bir yerdə “Gəmiqayırma və Hərbi Dəniz Qüvvələri” mövzusunda 8-ci Beynəlxalq Konfrans, “İnformasiya texnologiyaları və gəmiqayırma-2015” mövzusunda XVI Beynəlxalq elmi-praktik konfrans, “Gəmiqayırma sənətinin idarəolunması. İnformasiya təminatı” mövzusunda forum, “Dəniz nəqliyyatında texnologiyaların imitasiya olunmuş şəkildə və kompleks modelləşdirilməsi” mövzusunda 3-cü Beynəlxalq elmi-praktik konfrans, “Dənizdə insan həyatının xilas edilməsinin müasir yolları və texnologiyalar” adlı konfrans təşkil olunacaq.