19/10/2013 05:56

Rusiya Mahaçqalaya anti-diversiya kateri yerləşdirib –FOTO

Rusiya Xəzər flotiliyasının tərkibinə daxil etdiyi 21980 “Qraçonok” layihəli anti-diversiya katerinin dövlət sınaqlarını başa çatdırıb. “AzeriDefence”nin məlumatına görə, bu barədə A.M.Qorko adına Zelenodolski Zavodu ASC məlumat yayıb.

Kater Rusiya HDQ Xəzər Flotiliyasının Mahaçqaladakı bazasında yerləşəcək.

21980 layihəli anti-diversiya katerləri flotiliyanın baza akvatoriyalarında diversiya-terror qüvvələri və vasitələri ilə mübarizə üçün nəzərdə tutulub. Bu katerlər eyni zamanda Federal Təhlükəsizlik Xidmətinin sahil mühafizəsinə dəstək verəcək.

Katerin layihəsi Vımpel Konstruktor Bürosu tərəfindən hazırlanıb. Kater müasir radio elektron və anti-diversiya silahların tətbiqi sayəsində geniş spektrli məsələləri icra etməyi bacarır.

Zavoda 21980 layihəli katerlərin seriyalı istehsalına 2008-ci ildə başlanıb. İndiyədək müəssisədə eyni layihə üzrə cəmi 5 kater tikilib. Hazırda Xəzər Flotiliyası üçün daha 2 katerin tikintisi davam etdirilir.

21980 layihəli katerinin su basımı 138 t, uzunluğu 31 m, eni 9,5 m, sürəti 23 mil, üzmə uzaqlığı 200 mil təşkil edir. Səkkiz nəfər heyətə malik kater dənizdə 5 gün sərbəst qala bilir.

Katerin silahlanmasına “İqla” daşınan zenit-raket kompleksi, 14,5 mm çaplı MTPU pulemyotu, DP-65 və DP-64 qumbaraatanları daxildir. Kater “Anapa” hidroakustik aşkaretmə stansiyası, MR-231-in naviqasiya radiolokasiya stansiyası, yaxın hava və suüstü vəziyyəti işıqlandırmaq üçün MTK-201 M3 elektro-optik kompleksi, sualtı obyektləri aşkar etmək üçün “Kalmar” axtarış kompleksi ilə təchiz olunub.