27/02/2017 15:03

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə gəlir  

ArMİ-2017 Beynəlxalq hərbi oyunlar çərçivəsində Azərbaycanın Xəzərdəki milli sularında keçiriləcək Dəniz kuboku-2017 yarışları ilə bağlı Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti martın əvvəllərində Bakıya səfər edəcək.

“AzeriDefence”nin hərbi mənbələrə istinadən verdiyi məlumatına görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin yüksək çinli zabitlərinin daxil edildiyi heyət – işçi qrup Bakıda Dəniz kuboku-2017 hərbi oyunlarının keçiriləcəyi yerlə tanış olacaqlar, o cümlədən xarici komandaların milli ərazidə qəbulu, maddi-texniki, məişət, tibbi təchizat, sərhədin hərbi eşalonlarla keçirilməsi və digər məsələlərə dair müzakirələr aparacaqlar.

İşçi qrupa Rusiya Hərbi Dəniz Qüvvələrinin komandan müavini rəhbərlik edəcək.

Azərbaycan tərəfindən isə Dəniz kuboku-2017 yarışlarının keçirilməsi üzrə işçi qrupun rəhbəri Azərbaycanı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovdur.

Xatırladaq ki, Azərbaycan ilk dəfə olaraq bu səviyyəli hərbi yarışa – Dəniz kuboku-2017-yə ev sahibliyi edəcək. Dəniz kuboku-2017 adlanan yarışlar suüstü gəmilər arasında Xəzərin Azərbaycana aid olan ərazi sularında keçiriləcək. Açılış mərasimi Azərbaycan HDQ-nın Puta qəsəbəsində yerləşən bazasında reallaşacaq.

Yarışların keçirilməsi dənizçilər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, dostluq münasibətlərinin genişlənməsi, döyüş hazırlığı və hərbi dənizçilik sahəsində təcrübənin artması məqsədi daşıyır.

İndiyə qədər bütün yarışlar Rusiyanın Xəzərdəki ərazi sularında keçirilib.

Qeyd edək ki, iyulun 29-dan avqustun 12-dək ArMİ-2017 hərbi oyunları çərçivəsində 28 beynəlxalq konkurs, o cümlədən 5 yeni yarış keçiriləcək.

Konkurslar 5 ölkə ərazisində – Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Çində baş tutacaq.

Çin ərazisində 6, Qazaxıstanda 3, Belarusda 1 hərbi yarışlar reallaşcaq.

Azərbaycan isə Xəzərdəki milli ərazi sularında Dəniz kuboku – 2017 yarışlarına ev sahibliyi edəcək.