06/06/2017 15:23

Rusiya Ordusu 2020-ci ilə qədər tam şəkildə “İsgəndər-M” və “Tornado-S” raket sistemləri ilə təchiz olunacaq

Rusiya Silahlı Qüvvələrinin bütün raket-artilleriya birləşmələri 2020-ci ilə qədər “İsgəndər-M” operativ-taktiki raket kompleksi və “Tornado-S” reaktiv yaylım atəş sistemi ilə təchiz olunacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Raket və Artilleriya Qoşunları komandanı general-leytenant Mixail Matveyevski bildirib.

Generalın sözlərinə görə, artilleriya qoşunlarına “Koalisiya-SV” özüyeriyən haubitsaları da veriləcək.

O həmçinin qeyd edib ki, tank bölmələri “Xrizantema-S” və “Kornet-D” özüyeriyən tank əleyhinə raket kompleksləri ilə təmin olunacaq.

“Bununla paralel olaraq yeni dövlət proqramında perspektivli silahların hazırlanması da nəzərdə tutulub. Bu, prinsipcə yeni nəsil, həmçinin bir-iki nəsli qabaqlayan müasir silah nümunələrini hazırlamağa imkanı verəcək”, – deyə general əlavə edib.