18/03/2014 12:44

Rusiya Qara dəniz donanmasına 6 yeni suüstü gəmi və 6 yeni dənizaltı daxil edəcək

Rusiya 2016-cı ilə qədər Qara Dəniz Flotiliyasının döyüş sıralarına 6 ədəd yeni suüstü gəmi və 6 ədəd dizel mühərrikli dənizaltı daxil etməyi planlaşdırır. “AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin komandan müavini, kontr-admiral Viktor Bursuk bildirib.

“Yantar” gəmiqayırma zavodunda “Admiral Qriqorieviç” freqatının suya endirilmə mərasimində iştirak edən kontr-admiral qeyd edib ki, bu gəmi Qara Dəniz Flotiliyası üçün nəzərdə tutulur. Bu gəmi öz sinfindəki gəmilərdən silahlarının sayına və sürətinə görə fərqlənir.

Bursukun sözlərinə görə, 2016-cı ilə qədər Qara Dəniz Flotiliyası 636 layihəli altı ədəd yeni dizel mühərrikli dənizaltıya sahib olacaq. Bu layihə üzrə tikilmiş iki dənizaltı 2014-cü ildə Flotiliyanın tərkibinə daxil olacaq.

Qeyd edək ki, 1135.6 layihəli “Admiral Qriqorieviç” freqatının uzunluğu 124 metr, su tutumu 4 min ton, maksimal sürəti 30 mil, birbaşa üzmə məsafəsi 4850 mil, heyəti 180 nəfərdir.